Bakının Yasamal Rayon Məhkəməsində NİDA Hərəkatının fəalı Qiyas İbrahimov və onun atası Həsən İbrahimovun işi üzrə iclas baş tutmayıb.
Q.İbrahimov məhkəməyə gətirilmədiyinə görə proses dekabrın 6-na keçirilib.
Hakim bunu Penitensiar Xidmətin əməkdaşlarının məhkumu gətirməməsi ilə izah edib.
Bu, fəalın anası Şura Əmiraslanovanın oğlunun taleyilə bağlı narahat olmasına əsas verib.
"Əvvəlki iclasdan sonra Qiyasdan xəbər yoxdur. Onun həftədə iki dəfə evə zəng etmək hüqüqu var, ancaq ötən məhkəmə iclasından sonra zəng etməyib. Bu gün məhkəməyə gətirilməməsi narahatlığımızı artırır", ana bildirib.
Qiyas və Həsən İbrahimovlar CM-in 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik) ilə ittiham olunurlar.
Cinayət işi bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə əlaqədar başlayıb. Dövlət ittihamçısının çıxışı zamanı Q.İbrahimov "şüşə qəfəs"dəki mikrofonu qoparıb. Bu, Qiyasın heç nə eşitməməsi barədə çağırışlarına hakimin məhəl qoymamasından sonra baş verib.
Məhkəmə nəzarətçiləri qəfəsə yaxınlaşıb Q.İbrahimovun əllərini qandallayıb. Fəalın atası buna etirazını bildirib və hakimi zorakılığa son qoymağa çağırıb. "Gün gələcək, sizin də övladlarınız bu taleyi yaşayacaq", o deyib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri bunu özlərinə hörmətsizlik kimi qəbul edib.
2016-cı il mayın 10-da NİDA Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham edilərək 10 il azadlıqdan məhrum ediliblər.
"Amnesty International" təşkilatı hər iki fəalı "vicdan məhbusu" elan edib. Təşkilat ittihamın saxtalaşdırıldığını hesab edir.
Hakimiyyət nümayəndələri onları siyasi məhbus hesab etməyərək "konkret cinayət əməli"nə görə həbs olunduqlarını bildirir.