Accessibility links

Avropa Məhkəməsi 7 azərbaycanlının şikayəti üzrə araşdırmaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 7 azərbaycanlının şikayəti üzrə araşdırmaya başlayıb.

Şikayətçilər Bakıda müxalifətçilərin keçirdikləri etiraz aksiyalarında saxlanılanlar və mülkiyyət hüququnun pozulduğunu iddia edənlərdir.

Bu barədə AİHM-in məlumatında bildirilir.

Aksiyada iştirka görə saxlanaraq şikayəti araşdırılan Zərifə Məhyəddinova, Natəvan Səlimzadə, Kəmalə Xəlilova, Mərdanə Hüseynova və Ramiz Əhədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir.

R. Əhədov 2011-ci ildə Bakıda müxalifətin aksiyasına qatılıb. Onu polislər saxlayıblar saxlanılarkən təhqir edildiyi, şüurunu itirənədək döyüldüyü bildirilir. Polisdə tibbi müayinə tələb etsə də, bu tələb təmin olunmayıb. Müxalifətçi ictimai tədbirlərin keçirilməsi qaydalarının pozulmasında günahlandırılaraq, inzibati qaydada cəzalandırılıb. R.Əhədov sərbəst buraxıldıqdan sonra xəstəxanaya müraciət edib, müalicə alıb. O, eyni zamanda prokurorluğa müraciət edərək, döyülüb-təhqir edilməsinə görə cinayət işi açılmasını tələb edib. Prokurorluq onun döyüldüyünü təsdiq etsə də məhz polislər tərəfindən döyülməsini isbat edən dəlillərin olmadığı üçün cinayət işi açmaqdan imtina edib.

Z.Məhyəddinova, N.Səlimzadə, K.Xəlilova və M.Hüseynova isə İctimai Palatanın 2012-ci ildə Bakıda keçirdiyi etiraz aksiyasının iştirakçıları olublar. Müxalifətçilər polis zorakılığına məruz qaldıqlarını iddia edirlər. Onlar da prokurorluğa müraciət edərək polislərin davranışları üzrə cinayət işi açılmasını tələb ediblər, amma cinayət işi açılmayıb.

AXCP üzvləri məhkəməyə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq hüququ), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11-ci (Dinc toplaşmaq azadlığı) maddələrinin pozulduğunu iddia edirlər.

AXCP üzvlərini AİHM-də hüquqşunas İntiqam Əliyev təmsil edir.

AİHM hökumətdən sənədlərin aparılmasının ərizəçilərin müraciət hüququnun effektiv həyata keçirilməsinə mane olub-olmadığını soruşur.

Araşdırılan digər şikayətlər mülkiyyət hüququnun pozuntusu ilə bağlıdır.

XS
SM
MD
LG