Accessibility links

Avropa Məhkəməsi İlqar Məmmədova məktub göndərib


Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının Azərbaycan tərəfindən icra edilib-edilməməsi məsələsinə dair sorğusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərib. Bu barədə vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb.

vəkil Fuad Ağayev
vəkil Fuad Ağayev

Vəkil bildirir ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri Qvido Raymondi başda olmaqla, Böyük Palatanın tərkibi elan edilir.

“Avropa Şurası Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 1 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”, Ağayev qeyd eidb.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başladığı barədə bu ilin dekabrın 15-də mətbuat üçün açıqlama yayıb.

Bu prosedurdan məqsəd Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.

Bu da qeyd olunur ki, Avropa İnsan Haqları Konvensiyasına 2010-cu ildə daxil edilmiş bu prosedur Avropa Şurası Nazirlər Kabinetinə üzv ölkənin məhkəmə qərarını yerinə yetirməməsi barədə AİHM-ə müraciət səlahiyyəti verir.

Avropa məhkəməsi
Avropa məhkəməsi

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılmasına dair AİHM hökmünü icra etməkdən inadkarlıqla imtina etməsi ilə bağlı dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlamaq qərarına gəlib. AİHM Komitənin bu barədə müraciətini dekabrın 11-də aldığını bildirir.

Bu prosedur AİHM-in Böyük Palatası tərəfindən keçirilir.

Mətbuat məlumatında xatırladılır ki, 1970-ci ildə anadan olmuş Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində baş vermiş etirazların ardınca həbs edilib. O, 2014-cü ildə kütləvi iğtişaş və dövlət nümayəndələrinə qarşı zorakılıq ittihamı ilə 7 illik həbsxana cəzasına məhkum edilib.

AİHM 2014-cü ildə bu qərara gəlib ki, cənab Məmmədov cinayət törətməsinə dair heç bir ağlabatan sübut olmadan həbs edilib və onun həbsindən əsas məqsəd hökuməti tənqid edən Məmmədovun cəzalandırılması və ya susdurulması olub.

AİHM-in gəldiyi nəticəyə görə, Azərbaycan bu həbslə Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 4-cü bəndlərini (azadlıq və təhlükəsizlik hüququ), 6-cı maddəsinin 2-ci bəndini (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci maddəsini (hüquqların məhdudlaşdırılması) pozub.

Bununla əlaqədar Nazirlər Kabineti Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə (hökmlərin icrasının icbariliyi) uyğun olaraq Azərbaycana qarşı xüsusi prosedura başlayıb.

Konvensiyanın bu maddəsi Komitəyə Azərbaycanın məhkəmə hökmünü yerinə yetirməməsi ilə əlaqədar AİHM-ə müraciət etmək səlahiyyəti verir.

Bu halda Nazirlər Komitəsi əvvəlcə sözü gedən ölkəyə xəbərdarlıq bildirişi təqdim etməlidir. Bu bildiriş artıq oktyabr ayında verilib. Bundan sonra Nazirlər Komitəsi üzvlərin üçdə ikisinin razılığı ilə AİHM-ə müraciət edir.

AİHM bu məsələyə Böyük Palata qismində baxacaq. Nazirlər Komitəsinə və cavabdeh ölkəyə bu işlə əlaqədar şərhlərini bildirmək üçün Böyük Palatanın sədri tərəfindən vaxt təyin ediləcək.

Böyük Palata bu iş üzrə ayrıca dinləmənin keçirilməsi barədə də qərar qəbul edə bilər.

Böyük Palata Azərbaycanı AİHM-in hökmünü yerinə yetirməkdıən imtina etməkdə təqsirli bilərsə, bundan sonra məsələ növbəti tədbirlərin görülməsi üçün təkrar Nazirlər Kabinetinə göndərilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG