Accessibility links

Britaniyalı vəkil İlqar Məmmədovun müdafiəsinə qoşulub


İlqar Məmmədov

Britaniyalı vəkil Jeremy Makbraydın REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun müdafiəsinə qoşulması rəsmiləşib. İ.Məmmədovun müvafiq sənədləri imzalaması mümkün olub. Bu barədə İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bu gün 2 saylı cəzaçəkmə müəssisəsində İ.Məmmədovla görüşə bilib.

Vəkil yada salıb ki, hələ ötən həftə britanıyalı vəkilin müdafiə prosesinə qoşulması üçün zəruri olan sənədləri ekspress poçtla həbsxanaya göndərib.

Jeremy Makbrayd
Jeremy Makbrayd

"Söhbət İ.Məmmədovun Avropa məhkəməsinə göndərilən iki şikayəti ilə bağlı britaniyalı vəkil üçün vəkalətnamədən və müvafiq saziş layihəsindən gedir. Konfidensial məzmun daşıyan, senzuraya məruz qalmamalı olan həmin sənədlər bir sutkadan artıq keçdikdən sonra, nəhayət, İlqar Məmmədova verilib. O, həmin sənədləri imzalayıb".

F.Ağayevin bildirdiyinə görə, İ.Məmmədovun müdafiəsinə qoşulan vəkil J. Makbrayd kifayət qədər tanınmış hüquqçudur.

"Tanınmış "İnterights" təşkilatından olan Jeremy Makbrayd insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq qurumlarda böyük təcrübəyə malikdir. Bir sıra işlər aparır, o cümlədən, Ukraynanın Rusiyaya qarşı müraciətlərində iştirak edir. Biz onunla əlaqədəyik. İ.Məmmədovun birinci işi - Nazirlər Komitəsinin AİHM-ə göndərdiyi sorğu üzrə, eləcə də İ.Məmmədovun digər işi ilə bağlı Böyük Palataya müraciət məsələsində əməkdaşlıq edəcəyik", -F.Ağayev bildirib.

Fuad Ağayev
Fuad Ağayev

Vəkil həmçinin İ.Məmmədovun durumu ilə bağlı hər hansı dəyişikliyin olmadığını deyib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdı. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib. Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyirlər ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə AİHM Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib. Məktub Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı AİHM-in qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır.

"Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir",- vəkil vurğulayıb.

XS
SM
MD
LG