Accessibility links

Müsavat fəalının məhkəməsi başlayıb


Əlikram Xurşidov

Yanvarın 24-də Şirvan Ryon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun cinayət işi üzrə hazırlıq iclası olub. Bu barədə vəkil Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmə qarşısında bir neçə vəsatət qaldırıb ki, bunlardan biri Əlikram Xurşidovun ev dustaqlığına buraxılması ilə bağlı olub.

"Bildirdik ki, Əlikram Xurşidov barəsində həbs qətimkan tədbiri əsassız seçilib, dəyişdirilməsini istədik. Məhkəmə bu vəsatəti təmin etmədi".

Daha bir vəsatət məhkəmə prosesininaudio-video çəkilişlə aparılmasına dair olub. Bu vəasatət də rədd edilib.

Məhkəmə Əlikram Xurşidovun dəmir qəfəsdə yox, vəkilinin yanında oturması barədə vəsatəti isə qismən qəbul edib. Belə ki, Əlikram Xurşidov nə vəkilinin yanında, nə də dəmir qəfəsdə, dəmir qəfəsin qarşısında, vəkilindən kənarda əyləşəcək.

Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

Əlikram Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. 2017-ci il noyabrın 22-si Şirvan şəhərində polis tərəfindən saxlanılıb. Noyabrın 24-də ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Yekunda 221.2.2-ci maddə ittihamdan çıxarılıb, ona əvvəlki 221.2.3 və yeni 315.2 (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham verilib. N.Kərimli 315.2-ci maddənin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması sayır. Onun sözlərinə görə, bu ittihamlar təsdiqini taparsa, Əlikram Xurşidovu 7 il həbs gözləyir, bundan əvvəl isə maksimim cəza 5 il həbs idi.

Müsavat Partiyası bəyanat verərək, həbsin siyasi motivli olduğunu bildirib.

XS
SM
MD
LG