Aprelin 17-də Bakı Apelyasiya Məhkəməsi “Nardaran işi - 3" üzrə həbs edilənlər barəsində hökmü qüvvədə saxlayıb. Bu zaman ilahiyyatçı Zülfüqar Mikayılovun cəzası ağırlaşdırılaraq, "ciddi" rejim "xüsusi" rejimlə əvəz olunub.
Birinci instansiya məhkəməsi cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi haqqında qərar çıxarıb, amma hökmdə xüsusi rejim qeyd edilib.
Vəkil Şəhla Hümbətovanın vəsatəti əsasında bu pozuntu aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi tərəfindən aradan qaldırılıb. Hakim Sahibxan Mirzəyev Mikayılovun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərarı ləğv edib.
Amma bu gün elə həmin hakim Mikayılovun xüsusi rejimli cəzaçəkmə müəssisəsinə salınması haqqında qərar qəbul edib.
Vəkil Şəhla Hümbətova bunu qanunsuz adlandırıb. Çünki prokurorun protesti və zərərçəkmiş tərəfin şikayəti yoxdursa, cəza ağırlaşdırıla bilməz. Müdafiə tərəfi kassasiya şikayəti verəcək.
Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə təqsirləndirilən şəxslər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyatdan sonra həbs ediliblər. Həmin vaxt polis "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadəni və onun bir qrup tərəfdarını saxlayıb.
Həbs edilənlər Bağırzadənin təşkil etdiyi cinayətkar birlikdə iştirak etməkdə ittiham olunurdular. Onlara qarşı Cinayət Məcəlləsinin on maddəsi ilə: terrorizm, qanunsuz silah saxlama, konstitusiya dövlət quruluşunu zorla dəyişdirməyə cəhd, polisə müqavimət və s. ittihamlar irəli sürülüb.
Müttəhimlər özlərini təqsirli bilməyiblər və məhkəmədə DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində məruz qaldıqları işgəncələr barədə danışıblar.
2017-ci il dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi ilahiyyatçı Zülfüqar Mikayılovu 17 il, Ruzi İsmayılovu və Cabir Əliyevi 16 il, Ramil Seyfullayevi, Mübariz İbrahimovu 15 il, Elxan Həsənovu 14 il, Faiq Allahverdiyevi, Mehman Quliyevi, Elman Ağayevi 13 il, Əli Hüseynovu, Mehman Məmmədovu, Eldar Bünyatovu 12 il 3 ay müddətinə azadlıqdan məhrum edib.