Accessibility links

Apellyasiya Məhkəməsi Əhsən Nuruzadəni həbsdə saxlayıb


Bakı Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkil Fariz Namazlı müttəhimin təqsirsiz olduğunu bildirib. O, Ə.Nuruzadənin saxlanması zamanı qanun pozuntusuna yol verildiyini deyib.

Ə.Nuruzadə Bakıda Səməd Vurğun parkının yanında taksidən düşərkən saxlanılıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Bu müddətdə polisin nəzarətində olub.

F.Namazlı xatırladıb ki, Ə.Nuruzadə ictimai fəaliyyətlə məşğul olub, dini fəalların, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin həbsi və məhkəmə prosesləri barədə məlumatlar dərc edib. Məhz belə fəaliyyətə görə onu əvvəllər də iki dəfə BMCMİ əməkdaşları saxlayıblar. Onların təqdimatı əsasında Ə.Nuruzadə inzibati həbsə məruz qalıb.

Vəkil Ə.Nuruzadəyə bəraət verilməsini istəyib. Ə.Nuruzadə vəkilin dediklərini dəstəkləyib.

Prokuror isə şikayətin təmin edilməməsini istəyib.

Qısa məşvərətdən sonra məhkəmə şikayətin təmin olunmaması barədə qərar qəbul edib.

Vəkil F.Namazlı bildirib ki, müdafiə tərəfi apellyasiya verəcək.

Ə.Nuruzadə 2017-ci oktyabrın 6-da narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb, bu da 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 2018-ci il martın 6-da o, 7 il azadlıqdan məhrum edilib.

Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG