Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində 26 nəfərin ölümü, daha 29-nun xəsarət almasıyla nəticələnən yanğınla bağlı məhkəmə araşdırmaları başlayıb. Bu olayı Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayev, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası araşdırır. Bu barədə meydan.tv saytı məlumat yayıb.
Avqustun 24-də məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, hadisə ilə əlaqədar beş nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, onlardan dördü hakim önünə çıxarılıb.
Məsuliyyətə cəlb olunanlar isə bunlardır - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, orada müalicə olunan xəstələrdən yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova. İş məhkəməyə göndərilərkən Azad Ələkbərov haqqında cinayət işi ayrılıb. Səbəb isə onun səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanmasıdır.
Təqsirləndirilən şəxslərin dördü həbsdədir. Yalnız Afət Məmmədova barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları, həm onların, həm də zərərçəkmişlərin ittiham aktını alıb-almadığı dəqiqləşdirilib. Hüquq müdafiəçisi Murad Sadəddinov da zərərçəkmişlər arasındadır. Yanğın nəticəsində həlak olan həkim Azər Sadəddinov onun qardaşıdır.
Təqsirləndirilən T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur. Vəkil mərkəzin direktoru barəsində cinayət işinə xitam verilməsini istəyib.
Təqsirləndirilən M.Abdullayevin vəkili Ceyhun Yusifov da müvəkkili ilə bağlı eyni vəsatəti qaldırıb: “Bu hadisə qəsdən törədilib, müvəkillim də qurban seçilib. O, 160 manat maaş alan sıravı işçi olub, heç bir səlahiyyəti olmayıb. Bu adam qərarverən şəxs deyil. İstintaq qərəzli aparılıb".
Dövlət ittihamçısı Nəsir Bayramov deyib ki, hələ sübutlar araşdırılmayıb, ona görə də T.Məmmədhəsənov və M.Abdullayevin təqsirli olub-olmadığına qərar vermək olmaz: “Buna görə də vəsatətlər təmin edilməməlidir”.
Zərərçəkmişlər də vəkillərin vəsatətlərinə etiraz ediblər: "Necə yəni bu adamların günahı yoxdur? O yer yararsız idisə, bu qədər adamı ora niyə yığırdılar? Hər dəfə müalicəyə 800 manat pul verirdik. Oranın rəhbəri öz evini təmirsiz saxlamaz, amma yararsız yerə o qədər adamı yığıb, neçə-neçə ananı oğulsuz, bacını qardaşsız qoydular".
Təqsirləndirilən Məhəmməd Məmmədov vəsatətə münasibət bildirərkən özü haqqında danışıb. Bildirib ki, dispanseri onun yandırması barədə ittihamda yazılanlar yalandır: "Göydəki bir Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunlar hamısı mənə qarşı olan şər-böhtandır. İstintaqda döyə-döyə boynuma qoydular”.
Vəsatətlərin heç biri təmin olunmayıb.
Avqustun 28-də bu hadisənin mahiyyəti ilə bağlı məhkəmə araşdırmaları başlayacaq.
Təqsirləndirilən şəxslərdən M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2 (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur.
T.Məmmədhəsənov və M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
A.Məmmədovaya isə külli miqdarda rüşvət almaya görə məsuliyyət nəzərdə tutulan Cinayət Məcəlləsinin 311.3.3 maddəsi ilə ittiham verilib
Bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində yanğın olub. Hadisə nəticəsində 26 nəfər ölüb.
Yanğının baş verməsindən bir neçə saat sonra Azərbaycan prezidenti İlham Əliyev faciə yerinə gəlib.
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, yanğın zamanı operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31 nəfər xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib. 2 nəfər isə xəstəxanada dünyasını dəyişib.