Accessibility links

İlqar Məmmədovun məhkəmə prosesinin protokolunun surəti müdafiə tərəfinə verilmir


İlqar Məmmədov

Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı avqustun 13-də keçirilmiş son məhkəmə prosesinin protokolunun surətini vəkilə göndərməkdən imtina edib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti təmin edilməyib.

AİHM İlqar Məmmədovla bağlı 2017-ci ilin noyabrında verdiyi ikinci qərarda Avropa İnsan Hüquqları Konvensiyasınının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin Plenumu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İlqar Məmmədov 2 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

İlqar Məmmədov və vəkil Fuad Ağayev Məmmədova bəraət verilənədək hüquqi müstəvidə işlərin davam etdiriləcəyini bəyan edib.

Vəkil Fuad Ağayev Şəki Apellyasiya Məhkəməsində keçirlən prosesin protokolunun surətini almaq üçün rəsmi qaydada müraciət edib. Şəki Apellyasiya Məhkəməsi vəkilə üvanladığı cavabda yazıb ki, protokolun surətinin tərəflərə göndərilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Vəkil bildirib ki, Azərbaycan qanunvericiliyində məhkəmə protokolunun müdafiə tərəfinə verilməsi əksini tapır, amma məsələ gerçəkliyə gələndə bundan imtina edirlər.

“Bütün qonşu dövlətlərdə vəkillər və digər proses iştirakçıları məhkəmə iclasının protokollarının surətlərini sərbəst şəkildə əldə edə bilirlər. Qanunvericilik də fərqlənmir. Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 91.5.2, 92.9.11 və b. maddələri təqsirləndirilən şəxsə aid sənədlərin surətlərinin çıxarılması hüququnu nəzərdə tutur. Hakimlərin əksəriyyəti deyir ki, protokol bu sənədlərə aid deyil. Vəziyyət o dərəcəyə çatır ki, biz protokolların surətlərini Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə alırıq”, Ağayev Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG