Oktyabrın 19-da siyasi mühacir Azad Həsənovun Xətai rayon Məhkəməsinin onun barəsində seçdiyi həbs qətimkan tədbiri qərarından verdiyi şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Məhkəmənin qarşısında Həsənovun çoxsaylı siyasi əqidədaşları toplanıb.
Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya gəlib və bundan bir neçə saat sonra həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.
Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.
Müsavat Partiyası bildirib ki, Azad Həsənov 2003-cü ildən bu partiyanın fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir, 2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.
Vəkil Osman Kazımov bildirib ki, bugünki məhkəmədə Azad Həsənovun özü iştirak edib və narkotiki onun cibinə qoyduqlarını bildirib.
Vəkil Bakı Apellyasiya Məhkəməsinin qərarından yuxarı məhkəmə iinsansiyasına şikayət edəcəyini bildirib.