Accessibility links

Prokuror “Qoca”nın həbsdən qaçmasında günahladırılan müğənniyə və daha 12 nəfərə həbs istəyib


Etibar Məmmədov (Qoca ləqəbli)
Etibar Məmmədov (Qoca ləqəbli)

Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxslərə iş istəyib.

Dövlət ittihamçısı müğənni Fədayə Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov (Qoca) qaçıb.

Bir neçə gün sonra Etibar Məmmədov və onunla birgə olan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərdiyi zaman öldürülüb.

Ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) və digər çoxsaylı insan təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

B.Abdullayev Penitensiar Xidmətinin konvoy taborunun komandiri olub. O, dustaqların qaçmasından sonra vəzifəsindən azad edilib. Polkovnik B.Abdullayev qatardan qaçma olayından başqa, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, tabeliyində olan işçilərin ezamiyyət və dövlət tərəfindən verilən müalicə pulunun bir hissəsini mənimsəməkdə ittiham edilir. İddiaya görə dustaqlardan yığılan pullar da ona çatdırılıb.

C.Səmədov qaçan dustaqların aparılıb-gətirildiyi qatarda qarovul rəisi, T.Poladxanov və F.Hacıyev onun müavinləri olub.

Ə.Ağami qaçan dustaqlardan biridir. O, “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə təqsirləndirilirdi. Qaçma olayından əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Bu gün prokuror çıxışında bildirib ki, onun həmin cəzas ilə qaçmasına görə təyin ediləcək cəza birləşdirilsin və ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilsin.

İttihama əsasən, “Qoca” vaqonun pəncərəsini açdığı açarı münasibətdə olduğu Fədayə Laçın vasitəsilə əldə edib. Müğənni açarı “Qoca”ya onun dostu Aqil Nəcəfov vasitəsilə çatdırıb. A.Nəcəfov, F.Laçın və “Qoca”nın tanışı olan başqa bir qadın Günay Atakişiyeva onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüb, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən dəfələrlə onunla birlikdə gedib-gəliblər.

Təqsirləndirilən M.Hacıyev onları Sumqayıtdan Qazaxa aparan taksi sürücüsüdür.

XS
SM
MD
LG