Noyabrın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə Suraxanı rayon Məhkəməsində hazırlıq iclası olacaq. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.
Məmməd İbrahim əvvəllər AXCP üzvü olmuş Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı şəxslər də şikayət veriblər ki, insident zamanı Mikayıl İbrahim onları da vurub.
Bundan sonra Məhəmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza müddəti 2018-ci il sentyabrın 29-da başa çatmalı idi.
Məmməd İbrahim cəza müddətinin başa çatmasına iki gün qalmış saxlanıldığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçib.
İttiham sübut olunsa M.İbrahimi 6 ayadək həbs gözləyir.
Məmməd İbrahim deyib ki, yatağından tapıldığı iddia olunan bıçaq tiyəsinin ona aidiyyəti yoxdur.
AXCP funksionerinin sözlərinə görə, onun həbsdən çıxmasının qarşısını almaq üçün siyasi sifarişlə kəsici aləti yatağına cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub.
Penitensiar Xidmət isə Məhəmməd İbrahimin dediklərini təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, Məmməd İbrahimin yatağından kəsici alət hal şahidlərinin iştirakı ilə götürülüb.
Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.