Sentyabrın 4-də vəkil Fuad Ağayev Turan agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Bunu Amerikanın Səsinə F.Ağayev bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən məhkəmə üç gün ərzində vəsatəti təmin etməlidir.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyiblər və onun dərhal azadlığa buraxılmasına çağırıblar.
ABŞ Dövlət Departamenti də M.Əliyevin dərhal azad edilməsinə çağırıb.
Fransa və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.