Accessibility links

Mehman Hüseynova qarşı daha sərt ittiham irəli sürülüb


Fotoreportyora qarşı dünən irəli sürülən ittiham bu gün daha sərt ittihamla əvəz edilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynova qarşı irəli sürülən ittiham daha ağır ittihamla əvəz edilib. RATİ-nin direktoru Emin Hüseynov Amerikanın Səsi radiosuna bildirib ki, istintaq artıq fotoreportyora qarşı ittiham irəli sürüb və onu təqsirləndirilən şəxs qismində tanıyıb.

Belə ki, Səbayel rayon Polis İdarəsi dünən fotoreportyora qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürmüşdüsə, bu gün həmin maddənin 2-ci hissəsi ilə təqsirli bilinib. Beləliklə, fotoreportyor dünənki ittiham isə 1 ilədək azadlıqdan məhrum edilə bilərdisə, artıq bu gün irəli sürülən ittihamla beş ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Cinayət Məcəlləsinin 221.2.2. maddəsinin dispozisiyası və sanksiyası belədir: ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırki saatlarda Mehman Hüseynovun Səbayel rayon məhkəməsinə aparılacağı gözlənilir. Cənab Hüseynov həbsdən öncə Amerikanın Səsi radiosuna onu Eurovision dövründə insan haqları uğrunda aktiv mübarizə apardığına görə həbs edəcəklərini bildirmişdi. Fotoreportyor “Demokratiya naminə mahnı” kampaniyasının media koordinatoru olub. Çoxsaylı video və fotoları beynəlxalq mediada yayılıb. O mayın 21-də İctimai Palatanın etiraz aksiyası zamanı polisə tabe olmamaq və Çevik Polis Alayının əməkdaşına qarşı fiziki təzyiq ittihamı ilə iyunun 12-də saxlanıb.

Hüquq müdafiəçiləri Mehman Hüseynovu “Eurovision məhbusu” adlandırıb. Eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları Eurovisiondan sonra ölkədə hüquq müdafiəçilərinə və tənqidçi mediaya qarşı təzyiqlərin olacağından narahatlıqlarını bildirib.

XS
SM
MD
LG