Accessibility links

Məhsa Mehdili: İran toplumu keçmişdən dərs çıxarıb, seçkilərin oyun olduğunu bilir


İranda prezident və Şəhər Şurası seçkiləri iyun ayının 18-də keçiriləcək. Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsinə müsahibədə deyir ki, “bu günə qədər İranda yaşayan millətlər az da olsa bir şeylərin dəyişməsi ümidiylə sandığa getdilər. Amma artıq ictimaiyyətdə əksəriyyət bu qənaətə gəlinib ki, seçkilər bu diktator sistemi qorumaq üçün bir oyundur.”

Mehdili Məhəmməd Xatəmidən bəri gələn prezidentlərin demokratiya və azadlıqların genişləməsinə dair vədlərinə diqqət çəkir və İran toplumunun bütün bu müddətdə bir nümayiş izlədiyini ifadə edir.

İranda yaşayan millətlər bu günə qədər müxtəlif bədəllər ödəyiblər. Hər dəfəsində az da olsa sandıqda bir şeylərin dəyişəcəyi ümidi ilə sandığa gediblər.

“Biz həmişə bir nümayiş izləmişik. Daha doğrusu, sonradan yaşadıqlarımız bunu bizə göstərdi. Seçim dönəmində bir rəqabət halı yaradırdılar. İnsanlara biraz dəyişik gələn sloqanlar ilə namizədlər çıxarırdılar. Bunu Xatəmi dönəmində də gördük. Əhmədinejad və Ruhani dönəmində də. Namizədlərin vitrinləri dolurdu demokratiya və insan haqları ilə, nələr və nələr ilə. İranda yaşayan hər millətin nəbzinə görə vədlər verirdilər.”

Hazırkı prezident Həsən Ruhani İran Azərbaycanında təşkil etdiyi seçki kampaniyalarında türk dilində təhsil və “Türk Dil Qurumunun” təsisinə dair vədlər vermişdi. Ancaq o, keçən aprel ayında ana dilində təhsil tələbini “bədxahların konspirasiyası” kimi dəyərləndirdi.

Məhsa Mehdili deyir, “bunların əlbəttə ki, ictimai rəyi yoxlamaq üçün vasitələri var. Sorğu keçirirlər. Tədqiqat aparırlar. Misal üçün, bunlar bilirdi ki, Azərbaycanda ana dili məsələsi və Urmiyə gölünün qurudulmasından dolayı bir rahatsızlıq var. Həsən Ruhani də gəldi, Azərbaycanda irəli sürdüyü vədlərini tam da o məsələlərin üzərinə qurdu. Vədlər verdi və bir həyəcan yaratdı.”

Siyasi şərhçi İran toplumunun artıq keçmişdə baş verənlərdən “dərs çıxardığını” ifadə edir.

Şəhər və Kənd Şuraları seçkiləri biraz fərqlidir. Kiçik bölgələrdə, kəndlərdə tayfalar arası və ya şəhərin tanınan şəxsləri arasında bir rəqabət, bir həyəcan yaranır. İnsanlar bunun təsirində sandığa gedir.

“İranda yaşayan millətlər bu günə qədər müxtəlif bədəllər ödəyiblər. Hər dəfəsində az da olsa sandıqda bir şeylərin dəyişəcəyi ümidi ilə sandığa gediblər. İran kimi qapalı bir toplumda bu normaldır. Amma artıq bunların eyləmi ilə söyləminin tutmaması o qədər yüksək səviyyədə oldu ki, toplum dərs çıxarmağa başlayıb... Məsələn, biz ən çox məhbusu Həsən Ruhani dönəmində gördük. Edamlarda dəyişiklik görmədik. Qadın haqlarında dəyişiklik görmədik. Sadəcə Ruhani deyil, bunlar fərqli rənglərə boyansa da hamısı birdir. Artıq ictimai rəydə bu qənaətə gəlinib ki, seçki bu diktator sisteminu qorumaq üçün oynanan bir oyundur.”

Prezident seçkiləri və İslami Şəhər və Kənd Şuraları seçkilərinin eyni gündə keçirildiyinə diqqət çəkən Məhsa Mehdili əlavə edir ki, “Şəhər Şurası və prezident seçkilərinin eyni gündə olması bir taktikadır. Toplum prezident vəzifəsinin ciddi olmadığını və prezidentin rəhbərə əmr qulu olduğunu görür. Şuralarda durum fərqlidir. İranda siyasi mühit qapalıdır. Partiya yoxdur. Amma şəhər şurası seçimlərində fəza bir az açılır. Kiçik bölgələrdə, kəndlərdə tayfalararası və ya şəhərin tanınan şəxsləri arasında bir rəqabət, bir həyəcan yaranır. İnsanlar bunun təsirində sandığa gedir. Baxmayaraq ki, Şəhər Şurasının önəmli səlahiyyətləri yoxdur.”

XS
SM
MD
LG