Accessibility links

Məhsa Mehdili: İran bu siyasətinə davam edərsə, özünü bölgədə təcrid edəcək


Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda Türkiyədə nəşr etdiyi “44 Gün Qarabağ Savaşı Sürəcində Güney Azərbaycan” adlı kitabı haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:12:41 0:00

Mehdili bu kitabı keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında baş verənləri tarixin yaddaşına köçürmək məqsədilə qələmə aldığını ifadə edir.

Baş verənləri siyasi tariximizin bir parçası kimi toplamaq və analiz etmək üçün bu kitabı yazmağa qərar verdim.

“Müharibə zamanı haradasa bir cəbhə də Güney Azərbaycanda açıldı. Əlbəttə ki, xəbər agentlikləri, özəlliklə də alternativ media bunların hamısını qeyd etdilər. Amma bir də arxivləmə baxımından siyasi tariximizdə olayların gedişatını, yaşananların dünya ictimaiyyətində, türk dünyasında və İranın özündə əks-sədasını qeyd etmək, habelə baş verənləri siyasi tariximizin bir parçası kimi toplamaq və analiz etmək üçün bu kitabı yazmağa qərar verdim,” yazar söyləyir.

Məhsa Mehdili müsahibədə həmçinin son vaxtlar İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik və İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlər ilə bağlı düşüncələrini bəyan edib.

O, hesab edir ki, İran Azərbaycan Respublikası ilə münasibətində öz iç dinamikalarını nəzərə almadan hərəkət edir:

İranın içərisində bir tük məsələsi, bir Azərbaycan məsələsi var. İranın bu məsələ ilə üzləşmək yerinə, iç məsələlərini demokratik orqanlar və dialoq zəminləri yaradaraq həll etmək yerinə bu cür sağa-sola hücum edib və öz insanlarını incitməsi böyük xəta idi.

“İran müharibə zamanı yük maşınları ilə Ermənistana silah sursat göndərərək öz iç dinamikalarını nəzərə almadan siyasi olaraq həqiqətən yanlış addım atdı və daha sonra buna yenə davam etdi. Yəni öz vətəndaşları ilə eyni kimliyi, eyni etnik mənsubiyyəti, hətta eyni vətən anlayışını daşıyan insanlara qarşı hərkət etməsi İranın özünə bir zərbədir. Öz içində Azərbaycan toplumu ilə, türklərlə barışmaq yerinə, onları dinləmək yerinə belə bir mövqe sərgiləməsi İranın özünə bir zərbədir. İranın hərbi təlimlərə başlaması əslində beynəlxalq hüquqa görə də bir ölkənin torpaq bütünlüyünə hörmətsizlikdir.”

Məhsa Mehdili İranın rasional hərəkət etmədiyini və bu səbəblə özünü bölgədə təcrid etdiyini önə çəkir.

Onun sözlərinə görə, “İran daha ağıllıca hərəkət edə bilərdi. İranın içərisində bir tük məsələsi, bir Azərbaycan məsələsi var. İranın bu həqiqətlə, bu problemlər ilə üzləşmək yerinə, iç məsələlərini doğru bir şəkildə, demokratik orqanlar və dialoq zəminləri yaradaraq həll etmək yerinə bu cür sağa-sola hücum edib və öz insanlarını incitməsi böyük xəta idi. Amma bunlar bu xətaya davam edirlər. Elə düşünürlər ki, uzun sürə basqı siyasəti ilə bu şəkildə davam edə bilərlər.”

Mehdili əlavə edir ki, “bu siyasət həm İranı təcrid edəcək, həm də iç münaqişələri çoxaldacaq. Bir də, mən düşünürəm ki, Türkiyənin vasitəçiliyi ilə gələcəkdə Ermənistan da daha mötədil hərəkət edəcək və daha barışçıl bir zəmində yeni əməkdaşlıqlar yaranacaq. Bu şəraitdə İran da təcrid olub və dostlarını itirəcək.”

XS
SM
MD
LG