Prezident Donald Trampın xanımı Melaniya artıq rəsmən Ağ Evdədir. Melaniya Tramp və onun 11 yaşlı oğlu Barron bazar günü Ağ Evə köçüblər.
ABŞ-ın birinci xanımı Barronla Ağ Evə gəlişi haqda məlumatı Twitter səhifəsində yerləşdirdiyi mesajında bölüşüb. Prezident Tramp həftə sonunu Nyu Cersi ştatında Bedminsterdə özəl qolf klubunda keçirib.
“Yeni evimizdə yaşayacağımız xatirələrimizi səbirsizliklə gözləyirəm!”, Melaniya Tramp Twitter mesajında yazıb.
Birinci xanımın mesajı Ağ Evin Qırmızı otağının pəncərəsindən Vaşinqton abidəsinin görünüşünü göstərən foto ilə müşayiət olunur.
Melaniya Tramp və Barron məktəb ilinin bitməsinə qədər Nyu Yorkda Tramp qülləsindəki evlərində yaşayırdılar. Barron payızda Merilend ştatında özəl məktəbə gedəcək.