Avstraliya polisi Melburn şəhərində bir nəfərin maşınını piyadaların üzərinə sürməsinin qəsdən törədilmiş hadisə olduğuna inanır.
İnsident nəticəsində ondan çox insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Avtomobil sürücüsü və digər bir şəxs hadisə yerində həbs edilib.
Rəsmilər insidentin terror hadisəsi olub-olmadığı barədə məlumat verməyib.
“Hazırda biz hadisənin bilərəkdən törədildiyinə inanırıq. Təkrar edirəm, hal-hazırda biz bu hadisənin qəsdən törədildiyini düşünürük. Amma biz təhqiqata yeni başladığımızdan hadisənin motivinin nədən ibarət olduğunu bilmirik” deyə polis komandiri Rassell Barrett bildirib.
Melburn şəhərinin mərkəzində təhlükəsizliyin gücləndirilməsi üçün polis işçilərinin sayı artırılıb.