Accessibility links

Mehman Qələndərovun intiharı ilə bağlı iki nəfər işdən çıxarılıb


Mehman Qələndərov

Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluq fəal Mehman Qələndərovun Kürdəxanı istintaq təcridxanasında ölümü ilə bağlı birgə məlumat yayıb.

Məlumatda əvvəlcə Qələndərovun 7 fevral 2017-ci il tarixində saxlanıldığı və ona qarşı 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürüldüyü, sonradan ittihamın 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinə tövsif edildiyi bildirilir.

Daha sonra qeyd edilir ki, Qələndərov aprelin 28-də Bakı Vahid İstintaq Təcridxanasının 2 saylı korpusun saxlandığı 57 saylı kamerasında döşək üzünü pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asıb.

Faktla bağlı Penitensiar Xidmət tərəfindən xidməti araşdırma aparılıb və prokurorluğa məlumat verilib.

Sabunçu rayon Prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Press-relizə əsasən, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit Mərkəzi Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

İlkin araşdırma zamanı istintaq təcridxanasının əməkdaşları tərəfindən Qələndərova təzyiq göstərilməsi, işgəncə və ya digər qanunsuz əməllərə yol verilməsi müəyyən edilməyib.

Bununla belə, xidməti araşdırma zamanı vəzifələrini layiqincə yerinə yetirməyən təcridxana nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub.

Həmçinin, istintaq zamanı Qələndərovun cinayət törətdiyini etiraf etdiyi iddia olunur. Bu zaman Qələndərovun partiya üzvü olduğu haqqında məlumat təsdiqini tapmayıb.

İş Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib.

Qələndərovun özünü öldürmə həddinə çatdırılmasının halları araşdırılacaq və qanuna uyğun qərarların qəbul edilməsi təmin ediləcək.

XS
SM
MD
LG