Accessibility links

Prezident məscidin sökülməsi ətrafında yaranan vəziyyətlə bağlı komissiya yaradıb


Əli Həsənov
Əli Həsənov

Prezident İlham Əliyev bakının Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Bu haqda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC dövlət agentliyinə məlumat verib.

Onun sözlərinə görə, prezident "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.

“Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”, o qeyd edib.

“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür
“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür

Əli Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, xüsusilə Heydər Əliyev və İlham Əliyevin prezidentliyi dövründə ölkədə dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Aprelin 12-də “Sovetski” adlanan ərazidə yenidənqurma işləri çərçivəsində “Hacı Cavad” məscidinin söküntüsünə dindarlar etiraz edib. Bu isə dindarlarla polis arasında insidentə səbəb olub. Sonradan çoxsaylı dindar məscidin qarşısında açıq havada namaz qılıb. Bundan sonra məscidin söküntüsü dayandırılıb.

XS
SM
MD
LG