Accessibility links

Gəncədəki sui-qəsdlə bağlı bəzi KİV-lərə qarşı cinayət işi başlanıb


Baş Prokurorluq Gəncədəki sui-qəsdlə bağlı bəzi KİV-lərə xəbərdarlıq edib, cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

"Həmin xəbərlərə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib".

Mətbuat xidməti bildirir ki, bəzi profillər vasitəsilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.

"Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Məlumatda deyilir ki, göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “KİV haqqında" Qanunun tələblərini pozduqlarına görə Baş prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

"Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.

Baş Prokurorluqda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “KİV haqqında" qanunun tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

"Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilib.

“Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib".

Baş Prokurorluq bir daha KİV-lərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”,twitter”, “instagram” və s.) “KİV haqqında" qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq edib.

"Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək", Baş Prokurorluq bildirir.

Xatırladaq ki, bu gün crinimalaz.com və bastainfo.com saytlarının rəıhbərləri Anar Məmmədov və Mustafa Hacıbəyli prokurorluğa dəvət edilib. Hər iki jurnalist hazırda prokurorluqdadır.

İyulun 3-də Gəncə şəhər icra hakimiyyəti baçısına və onu mühafizə edən polis əməkdaşına silahlı basqın olub. Silahl basqını həyata keçirən Yunis Səfərov həbs edilib. Hadisə sosial şəbəkələrdə və mediada ciddi müzakirələr səbəb olub. Hətta, bəzi sosial şəbəkə iştirakçıları etiraz aksiyalarına çağırışlar edib.

XS
SM
MD
LG