Accessibility links

Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin


Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin
Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin

Müsahibədə Amerika-Azərbaycan münasibətləri, demokratiya, təhlükəsizlik, son aksiyalar, hərbi təlimlərin təxirə salınması, Qəbələ RLS, Əfqanıstana yüklərin daşınması, Dağlıq Qarabağ münaqişəsi, RƏM sistemi, neft kəmərləri və Nabucco layihəsindən danışılır. Səfir Brayza Avrovsion yarışmasında qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosuna müsahibəsində Amerika-Azərbaycan münasibətləri, demokratiya, təhlükəsizlik, son aksiyalar, hərbi təlimlərin təxirə salınması, Qəbələ RLS, Əfqanıstana yüklərin daşınması, Dağlıq Qarabağ münaqişəsi, Raket Əleyhinə Müdafiə Sistemi, neft kəmərləri və Nabucco layihəsindən danışıb. Səfir Brayza Avrovsion yarışmasında qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Sual: Amerika-Azərbaycan münasibətlərinin əsas prioritetləri olan demokratiya, təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində son dövrlərin uğurlu addımları nə olub?

Cavab: Azərbaycan müstəqilliyini qazandıqdan sonra çoxsaylı müsbət halları müşahidə etmək mümkündür. Buna misal olaraq daxili islahatlar, təhlükəsizlik və enerji sahəsindəki əməkdaşlığımızı qeyd etmək olar.

Daxili islahatlar sahəsində müşahidələr bir az mürəkkəb xarakter kəsb edir. Xüsusilə, iqtisadi islahatlar sahəsində Azərbaycanın uğurları sırasında Holland sindromundan qaçılmasını qeyd etmək olar. Burada neft gəlirlərinin məqsədəuyğun şəkildə xərclənməsi və Neft Fondu xüsusi rol oynayıb.

Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin
Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin

Siyasi islahatlar sahəsində müəyyən irəliləyişlərlə yanaşı, geriləmələr də olub. Jurnalistlərin və blogerlərin həm saxlanılması, həm də azadlığa buraxılması halları baş verib. Biz əlimizdən gələni etmək istəyirik ki, Azərbaycanda insanların taleyini qanunun aliliyi müəyyən etsin. Azərbaycan hökumətinin son dövrlər bəhs etdiyi və təşəbbüs göstərdiyi antikorrupsiya sahəsindəki islahatlar güclü vətəndaş cəmiyyəti tərəfindən irəliyə doğru aparılmalıdır. Bu məqsədlərə nail olmaq üçün hər gün mütəmadi və davamlı islahatlar həyata keçirilməlidir.

Yeri gəlmişkən, Azərbaycanı Aurovision-2011 mahnı müsabiqəsində qələbə qazanması münasibəti ilə ürəkdən təbrik edirik. Hesab edirik ki, bu qələbə Azərbaycanın özünə inamını gücləndirəcək, artıracaq və islahatların müsbət istiqamətdə inkişaf etdirilməsi üçün müsbət bir ruh yüksəkliyi yaradacaq.

Enerji sahəsində əməkdaşlığımız göz qabağındadır. Sadəcə ətrafa baxsaq görərik ki, bu genişmiqyaslı inkişaf və tikinti işləri neft gəlirlərinin, Bakı-Tbilisi-Ceyhan kəmərinin hesabına baş verir.

Ümidvaram ki, Azərbaycan Avropanın təbii qaz təchizatının şaxələndirilməsi üzrə Avropanın xəritəsində müsbət dəyişikliklərə bir daha imkan yaradacaq.

Təhlükəsizlik sahəsində əməkdaşlığımıza nümunə olaraq Azərbaycanın koalisiya qüvvələrinə Əfqanıstan, İraq və Kosovoda göstərdiyi dəstəyi qeyd etmək olar. Bununla yanaşı, Amerika qüvvələrinin Əfqanıstandakı fəaliyyətinə Azərbaycanın köməyini qeyd etmək və buna görə minnətdarlığımızı bildirmək istərdim.

Sual: Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan hüquqları, mətbuat, toplaşmaq azadlıqlarının pozulmasından və korrupsiya hallarından danışılır. Bu sahədəki durumla bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparılırmı, vəziyyətin yaxşılaşdırılması istiqamətində Amerika hansı köməklikləri təklif edə bilər?

Cavab: Bu məsələləri, Azərbaycanın yüksək və orta səviyyəli rəsmiləri, eyni zamanda parlamentdə müzakirə etmişik. Mən, əlbəttə vaxtımın çox hissəsini tərəfdaşlıq ruhunda Azərbaycan hökumətindən olan tərəfdaşlarımla demokratiya və insan hüquqları məsələsinin müzakirəsinə həsr edirəm. Əlbəttə, burada biz, saxlanılmış jurnalistlər və nümayişçiləri də əhatə edirik. Onu da qeyd edim ki, ATƏT-in keçirdiyi təlimlərin nəticəsində polis bu prosesdə, hətta onlardan gözləniləndən daha yüksək səviyyədə fəaliyyət sərgiləyib.

Biz, fəaliyyətlərimizi tərəfdaşlıq ruhunda qurmaqla istəyirik ki, Azərbaycan öz fəaliyyəti və inkişaf istiqamətində siyasi avtoritarizmi ilə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin və biz bütün fəaliyyətlərimizi bu yöndə, bu istiqamətdə qurmuşuq. Bu islahatlar, qısamüddətli baxışda bəzi insanlar üçün riskli görünsə də, uzunmüddətli perspektivdə sabitliyin bərqərar olunmasına kömək göstərir.

Azərbaycan hökumətinin antikorrupsiya kampaniyasını müsbət qarşılayırıq. Azərbaycan rəsmilərinin bu kampaniyanın ciddi xarakter daşıması, dərinləşdirilməsi və genişləndirilməsi barədə fikirlərini çox müsbət qarşılayırıq. Biz, bu təşəbbüsə və kampaniyaya dəstək göstərmək üçün əlimizdən gələni edəcəyik.

Sual: Azərbaycanda son aksiyalar zamanı baş verənlərə münasibətiniz? Aksiyalarla paralel olaraq jurnalistlərə qarşı fiziki təzyiqlər də qeydə alınır.

Cavab: 2 apreldə, birinci nümayişlərdən sonra Mətbuat Şurası bir araya gəlindi, jurnalistlərlə davranış istiqamətində müvafiq metodlarla bağlı söhbətlər aparıldı və bundan sonra jurnalistlərlə davranışda müsbət dəyişikliklərin şahidi olmuşuq. Amma, əsas məqsədimiz Azərbaycanda jurnalistlərin mühafizə olunma və qorunma barəsində fikirləşməmələrinə nail olmaqdır. Düzdür, nümayişlər uzun miqyasda və geniş xarakter daşımayıb. Biz, həmişə Azərbaycanda sərbəst toplaşmaq azadlığını dəstəkləmişik və Azərbaycan hökuməti nümayəndələri ilə söhbətlərimizdə bu fikirləri daim diqqət mərkəzində saxlamışıq.

Sual: Təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı son durumu necə qiymətləndirirsiniz? Artıq iki ildir ki, Azərbaycan Amerika ilə hərbi təlimləri təxirə salır. Səbəbi nədir?

Cavab: ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı yaxşıdır və xüsusilə son aylar ərzində daha da yaxşı olub.

Əlbəttə, bizim son birgə təlimlərimizin təxirə salınması ilə bağlı izahat verməsini Azərbaycan hökumətinin ixtiyarına buraxardım. Əlavə edərdim ki, Azərbaycan hökuməti bizə bu təlimlərin planlaşdırılması, yəni qrafika salınması barədə niyyətini, istəyini bildirib. Mediada geniş işıqlandırılan təlimin aqibətinin necə olmasından asılı olmayaraq, biz Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığa əsaslanan fəaliyyətlər həyata keçirmişik və bu fəaliyyətləri həyata keçirməkdə davam edirik.

Ümid edirəm ki, bu əməkdaşlığı yeni bir sahəyə, yəni Azərbaycanın Xəzər dənizində mühüm enerji infrastrukturunun qorumasında köməklik şəklində genişləndirə biləcəyik. Mən həm səfir, həm ata, həm də bir həyat yoldaşı olaraq Azərbaycan hökumətinin bizim təhlükəsizliyimizin təmin edilməsində göstərdiyi və nümayiş etdirdiyi əməkdaşlığa görə təşəkkürümü bildirirəm.

Sual: Qəbələ RLS-lə bağlı danışıqların perspektivi varmı?

Cavab: Birinci, qeyd edim ki, mən bu danışıqlarda bilavasitə iştirak etmirəm. Biz, indi Vaşinqtonda və müttəfiqlərimizin digər paytaxtlarında raket əleyhinə müdafiə sistemi istiqamətində necə addım atacağımızı müəyyənləşdirməklə məşğuluq. Mən mütəxəssis olmadığıma görə, istər burada, istərsə də digər yerlərdə raketdən müdafiə məqsədləri üçün hansı texnologiya və bacarıqların lazım olduğunu bilmirəm. Təəccüblü deyil ki, bizim raketdən müdafiə sistemimiz bizi və müttəfiqlərimizi İrandan ola biləcək hər hansı təhdiddən müdafiə üçün nəzərdə tutulur. Təhlükəsizlik sahəsində Azərbaycan və Birləşmiş Ştatların fəaliyyəti və mövqeyi uyğundur.

Sual: Əfqanıstandakı NATO, o cümlədən Amerika ordusunun ehtiyaclarını ödəmək üçün Azərbaycan ərazisi vasitəsi ilə yüklərin daşınması sahəsində hazırkı durum necədir? Problemlər varmı? Daşımaların həcminin artırılması məsələsi gündəlikdə varmı?

Cavab: Mən Əfqanıstana hazırki daşımaların vəziyyətini əla deyə qiymətləndirərdim. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, onun üçün həm bir sıra çətinliklər, həm bir sıra imkanlar yaranır. Belə qiymətləndirərdim ki, Azərbaycanın hazırda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, bizim üçün, müttəfiqlərimiz üçün, ümumilikdə dünyada əhəmiyyətini daha da artıracaq. Dediyim məsələlər, Azərbaycanla bizim aramızda Əfqanıstana yerüstü daşımalar istiqamətdə mühüm və müsbət əməkdaşlığın yaranmasına şərait yaradır. Bu əməkdaşlığın genişləndirilməsi Azərbaycandan asılıdır. Baxmayaraq ki, Əfqanıstana yüklərin daşınması üçün digər variant və imkanlarımız vardır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığımızdan məmnunuq.

Sual: Azərbaycanın İranla bir necə yüz kilometrlik sərhədi var. Sərhədlərin bir hissəsi isə Azərbaycanın nəzarətində deyil. İrana qarşı BMT sanksiyalarının yerinə yetirilməsində Azərbaycanın yerini necə görürsünüz? O cümlədən, İranın çirkli pullarını Azərbaycandakı qurumlar vasitəsi yuma hallarına rast gəlinirmi? Bu sahədə Azərbaycan-Amerika məsləhətləşmələri nə yerdədir?

Cavab: İran məsələləri üzrə ABŞ-Azərbaycan məsləhətləşmələri və əməkdaşlığı güclüdür və müsbətdir. Azərbaycan terrorist təşkilatların maliyyələşməsi və çirkli pulların yuyulmasına qarşı fəaliyyətlərdə özünü müsbət bir tərəfdaş kimi göstərir. Bütün bunlara görə, biz ölkə prezidenti cənab İlham Əliyevə və maliyyə monitorinqi xidmətindən cənab Qasımova öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Azərbaycan maliyyə sahəsində iş planı üzrə çox böyük sürətli irəliləyiş əldə edib və bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Yəni terrorist təşkilatların maliyyələşməsinə qarşı istiqamətlər üzrə Azərbaycan digər tərəfdaşlar, digər ölkələrdən daha sürətlə fəaliyyət göstərib. Bunlar iki istiqamətdən bəhs edir ki, bunlardan birincisi bizim İranla əlaqədar əməkdaşlığımız və buradakı müvafiq fəaliyyətlər, digər bir sahə isə bir çoxlarının qiymətləndirdiyi iqtisadi islahatlardır. Amma, islahatlar sahəsində hələ gediləcək böyük bir məsafə və yol var.

Sual: Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatların, o cümlədən Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmadığını deyir. Sizin münasibətiniz? Münaqişənin indiyədək nizamlanmamasına əsas səbəb nədir?

Cavab: Cənab Məmmədov ABŞ-ın və şəxsən mənim çox yaxşı bir dostumdur. Eyni zamanda, o güclü bir vətənpərvərdir və belə də olmalıdır. Mən cənab Məmmədovla biz sıra məsələlərdə razılaşıram. Ancaq, bu məsələdə fikrim bir qədər fərqlidir. Öz təcrübəmdən bilirəm ki, ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində necə səylə çalışır. Təbiidir ki, münaqişə tərəfindən biri olan ölkənin rəsmilərini təmsil edən bir şəxs öz beynəlxalq tərəfdaşlarının daha çox fəaliyyət göstərməsini istəyir. Çox vaxt belə tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində indiyədək heç nə əldə olunmayıb. Əslində isə çox böyük nailiyyət əldə olunub. Münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var. Sadəcə, bu təkliflərin bir az da işlənməsi tələb olunur. Əlbəttə, tərəflər razılıq verməzsə, hər hansı razılaşmadan söhbət gedə bilməz. Yəni, burada tarazılaşdırılmış balanslı yanaşmadan söhbət gedə bilər. Bu razılaşmanın xüsusiyyəti belədir ki, hər şey barədə razılığa gəlinməyibsə, heç nə barədə razılığa gəlinməyib. Hər şey barədə razılığa gəlmək üçün isə vaxt tələb olunur. Prezidentlər baza prinsipləri barədə razılığa gəlinib yekunlaşdırılması istiqamətində xeyli irəliləyiş əldə etmişdi, sadəcə bu istiqamətdə hələ də gediləsi yol var.

Sual: Azərbaycan neftinin son bir neçə ildə Amerikaya ixracının həcmi azalmaqda davam edir. Artıq, Ceyhan limanına daşınan Azərbaycan neftinin Amerikaya ixracı ümumi həcmin əvvəlki 25 faizindən 10 faizinədək azalıb. Hazırda, Azərbaycan nefti daha çox cənubi-şərqi Asiya bazarlarına daşınır. Bu Amerikanın Xəzər regionuna marağının azalmasından xəbər vermirmi?

Cavab: Deyərdim ki, bu statistik göstəricilər o qədər də doğru deyil, yanlışdır. Mən bildiyimə görə, Bakı-Tbilisi-Ceyhan hələ də çox effektiv şəkildə öz fəaliyyətini davam etdirir. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasının, bizim buradan əldə edəcəyimiz neftlə birbaşa əlaqəsi o qədər də yoxdur. Biz bunu reallaşdıranda, gözləntilərimiz oradan nə qədər neft əldə edəcəyimizlə əlaqəli deyildi. Amerikanın istifadə etdiyi neftin bir hissəsi digər ölkələrdən, əsas hissəsi isə elə ölkəmizin özündən gəlir.

Biz bu layihəni strateji məqsədə görə dəstəkləmişik. Çünki, bizim müttəfiqlərimiz bu layihənin strateji əhəmiyyət kəsb etdiyini hesab edir. Həmçinin layihə ticari-kommerisya baxımından əlverişli olduğu üçün dəstəkləndi. Bu layihə böyük bir uğurdur və Azərbaycanın enerji təhlükəsizliyinə strateji baxımdan diqqəti nəinki azaldır, əksinə təbii qazın çatdırılması ilə bağlı Cənub koridorunu nəzərə alaraq bu diqqət və əhəmiyyət daha da artır.

Sual: Nabucco layihəsində Amerikanın əsas maraqları nədir? Bu layihənin hələ də iqtisadi əsasları hazırlanmayıb, rentabelliyi bəlli deyil.

Cavab: İlk öncə qeyd edim ki, ABŞ Cənub koridoru layihəsində maraqlıdır və burada bir neçə kəmərdən söhbət gedir ki, bunlardan biri də Nabuccodur. Nabucco layihəsinin Cənub koridoru layihəsinə daxil olub-olmayacağı Amerikadan və başqa ölkələrdən asılı deyil, yaxud da Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik layihəsi, bunlar hamısı bir sıra ölkələri birləşdirəcək. Bu investorlardan asılı olacaq ki, şirkətlərin və ölkələrin bir araya gəlib qərarı olacaq. Amma, burada hökumətlər deyəndə Amerika hökumətini nəzərdə tutmuram. Burada, ola bilsin ki, bəzi layihələr də öz əksini tapsın. Ola da bilər ki, bütün layihələr öz əksini tapsın. Bütünlükdə, burada hər şey, əsasən Avropadakı müttəfiqlərimizin öz məqsədlərinə nail olmasından asılıdır. Hazırda Avropadakı müttəfiqlərimiz təbii qazın təchizatında bir mənbədən asılıdır ki, bu da “Qazprom”dur. İndi biz istəyirik ki, bu təchizatı şaxələndirək. Ola bilsin ki, hansısa bir vaxt Qara dənizin altı ilə Gürcüstandan Rumıniyaya göndəriləcək Ağ axın da reallaşsın.

Mən son olaraq bir daha Azərbaycanda hər kəsi Avrovision yarışmasında əldə olunan qələbə münasibəti ilə təbrik edirəm. Eldar və Nigarın ifaları çox gözəl idi. Onların ifası zamanı sərgilədikləri sevinc, xüsusilə qələbədən sonra insanların küçələrdə yaşadığı sevinc çox riqqətə gətirən bir hadisə idi. Səs verən avropalılar tərəfindən bu anlama gəlindi ki, Azərbaycan bizim tərəfdaşımızdır, Azərbaycan bizə yaxındır, bizimlə birgədir. Eldar və Nigarın qalibiyyəti ilkin qələbədir. Ölkə üçün isə daha geniş miqyaslı qələbə üzümüzə gələn il ərzində yaşanacaq. 43 ölkədən yüz minlərlə avropalının nəzərləri il ərzində Azərbaycana dikiləcək. Biz, Amerika hökuməti və səfirlik olaraq əlimizdən gələni edəcəyik ki, Azərbaycan bu imkandan mümkün qədər məhsuldar şəkildə yararlansın. Ümid edirəm ki, bir ildən sonra sizinlə bir araya gəlib, danışacağıq ki, Azərbaycan bu fürsətdən, Avrovsion fürsətindən bölgədə sülh, firəvanlıq və azadlığın gücləndirilməsi üçün necə gözəl şəkildə yaralandı.

XS
SM
MD
LG