Accessibility links

Metyu Brayza: "Prezident və birinci lediyə böyük hörmət var, bu, həqiqətdir"


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Amerikanın Səsinə verdiyi müsahibədə ABŞ-İran münasibəDağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Azərbaycanda demokratik islahatların aparılıb-aparılmamasından danışıb.

Sual: İranla ABŞ arasında münasibətlər problematik olaraq qalmaqdadır. Bildiyiniz kimi İranda əhalinin 40 faizindən çoxu etnik azərbaycanlılardır. Sizcə ABŞ İranla problemin həllində orada yaşayan azərbaycanlılarla işləmək məsələsini nəzərdə keçirməlidirmi?

Cavab: Xeyr, ancaq məncə, ABŞ hökumətinin İrandakı etnik azərbaycanlı əhali arasında nə baş verdiyini anlaması vacibdir. Eləcə də keçən yay Şimali Azərbaycanda nə baş verdiyini anlamalıdır. İran daxilində siyasətin formalaşdırılmasının ABŞ-ın marağında olduğu üzərində düşünülməlidir. Mən düşünmürəm ki, Azərbaycan bu problemin həllində hər hansısa bir rol oynaya bilər. Firkimcə, heç Azərbaycan da hər hansı bir rol oynamaqda maraqlı görünmür.

Sual: Dağlıq Qarabağ münaqişəsi illərdir ki, heç bir irəliləyiş olmadan dondurulmuş vəziyyətdə qalmaqdadır. Fikrinizcə, Ermənistan və Azərbaycan arasında fikir ayrılığına başlıca məqam nədən ibarətdir?

Cavab: Təcrübəmə əsasən onu deyə bilərəm ki, prezident Əliyev və Sarkisyan bir-birinin göndərdiyi mesajlara inanmır. Hazırda masa üzərində ədalətli razılıq var. Bu razılıq illərdir müzakirə olunub. Əhalinin fundamental təhlükəsizliyi, iqtisadi və sosial narahatlıqları dəfələrlə müzakirə olunub. Çoxlarına inandırıcı gəlməsə də, bu müzakirələr ərazi bütövlüyü, öz müqəddəratının müəyyən edilməsi və qüvvədən istifadə edilməməsi arasında balans yaradıb. Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan əhalisi bu güzəştləri qəbul etmək istəmir. Biz prezidentlərdən cəmiyyətlərinin hələ ki qəbul edə bilmədiyi riskli qərarları qəbul etməyi xahiş edirik. İkisindən biri olmalıdır: ya cəmiyyətlər öz bildiyi kimi qərar verməlidir, bu, siyasətçilər üçün çox təhlükəlidir, ya da siyasətçilər bir-birinə tam inanmalıdırlar.

Sual: 20 ilə yaxındır ki, münaqişə dondurulmuş vəziyyətdə qalır. Sizcə bu illər ərzində nizamlanma prosesində böyük bir irəliləyiş olubmu?

Cavab: Bəli, danışıqlar prosesində böyük irəliləyiş olub. Heç bir irəliləyişin olmadığını söyləmək düzgün olmazdı. Prezidentlərin kifayət qədər inamı olsa və sadəcə olaraq masa üzərindəki baza prinsiplərini yekunlaşdırsalar, hamımız deyəcəyik ki, bu, böyük dönüş nöqtəsidir. Böyük irəliləyişə nail olmuşuq. Amma biz o irəliləyişi razılıq yekunlaşanda görürük. Yekunlaşma nöqtəsinə çatanadək ciddi işlər görülməlidir. Bu işlər hazırda görülməkdədir. Hazırda ən böyük problem iki prezident arasında siyasi və şəxsi səviyyədə bir əlverişli mühitin yaradılmasıdır.

Sual: Siz Azərbaycanda daxili siyasi vəziyyət haqda danışarkən ölkədə prezident İlham Əliyevin reytinqinin həddən artıq yüksək olduğunu və başqa qüvvələrin populyarlığının az olduğunu bildirirsiniz. Ancaq bir çox beynəlxalq təşkilatlar Azərbaycan hökumətini ifadə azadlığını və digər azadlıqları boğmaqda, müxalif düşüncəlilərə qarşı sərt addımlar atmaqda ittiham edir. Sizcə bu istiqamətdə bir çatışmazlıq yoxdurmu?

Cavab: Burada iki sual var: birincisi prezident Əliyevin populyarlığı, ikincisi, ölkədə yetərli demokratik islahatların aparılıb-aparılmaması ilə bağlıdır. Öz təcrübəmdən deyə bilərəm ki, prezident Əliyev çox populyardır. Bu, aşkar üstünlükdür. Ona və birinci lediyə böyük hörmət var. Bu, həqiqətdir. Bu hörmət hökumətdə hamıya şamil olunmur. Onların hər ikisinin hörmət edilən, güclü və legitim lider olduğu görünür. Digər sual budur ki, bu populyarlıq nə qədər qalacaq və Azərbaycan cəmiyyətində lazımi məmnunluq əldə etmək üçün islahat prosesi yetərli qədər sürətlə aparılacaqmı? Əlbəttə, bunun baş verməsi üçün ciddi addımlar atılmasına ehtiyac var. Burada fundamental məsələ az saylı qruplaşmanın əlində cəmləşən iqtisadi gücün şaxələnməsi və daha çox insan arasında bölünməsi olmasıdır. Bu yolla bütün cəmiyyət iqtisadi gücdən onlara da pay düşdüyünü görəcək. Bu proses ABŞ-da da uzun vaxt alıb. Eynilə bir çox ölkələrdə də belə olub. Ona görə Azərbaycana da bu prosesləri həyata keçirmək üçün vaxt lazımdır. Ancaq Azərbaycanda həm də yüksək səviyyədə bunu etməyə dair öhdəlik olmalıdır. Bunları hazırda hakimiyyətdə olanlar etməlidir.

(Müsahibə 2012-ci il, may ayının 2-də, Metyu Brayza Vaşinqtonda səfərdə olarkən aparılıb.)

XS
SM
MD
LG