Türkiyənin xarici işlər naziri Yeni il gecəsi İstanbulda hücum həyata keçirən şəxsin kimliyinin aşkar edildiyini bildirib.
Anadolu dövlət xəbər agentliyinə müsahibə verən Mevlut Çavuşoğlu hücumçunun adını açıqlamayıb.
Hücumçu bazar günündən etibarən axtarışdadır.
Anadolu dövlət xəbər agentliyi hücumla bağlı bu gün daha beş nəfərin nəzarət altına alındığını bildirib. İŞİD üzvü olduğundan şübhələnilən həmin bu şəxslər İzmirdə ələ keçirilib.
İŞİD terror qruplaşması Yeni İl günü İstanbulda gecə klubunda törədilmiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Rəsmilər hücum nəticəsində 39 nəfərin öldüyünü və terrorçuların axtarışlarının davam etdiyini bildirir. Qruplaşmanın açıqladığı bəyanatda deyilir ki, hücumu "xilafətin əsgərləri" həyata keçirib.
Onlar xalqımızı ruhdan salmağa, xaos yaratmağa və mülki vətəndaşları hədəf almaqla xalqımızın sabitliyinə qəsd etməyə çalışırlar
Hadisə zamanı əksəriyyəti xaricilər olmaqla, 600-dən çox adam olub. 70 nəfər yaralanıb.
ABŞ prezidenti Barak Obama Ərdoğana zəng edərək, başsağlığı verib.
Ağ Ev liderlərin terrorizmlə müdafiə səylərinin davam etdirilməsi barədə razılığa gəldiklərini bildirir.
Obama Türkiyəyə Suriyada atəşkəs səylərinə görə də minnətdarlığını ifadə edib.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hücumun ölkənin sabitliyini pozmaq və xaos yaraqmaq məqsədi daşıdığını bildirib.
"Onlar xalqımızı ruhdan salmağa, xaos yaratmağa və mülki vətəndaşları hədəf almaqla xalqımızın sabitliyinə qəsd etməyə çalışırlar. Ancaq biz bir millət olaraq soyuqqanlılığımızı saxlayacaq, daha sıx birləşərək belə çirkli oyunlara yol verməyəcəyik. Müxtəlif terror təşkilatlarının ölkəmizi hədəf aldığı bu hücumların bölgədə yaşanan hadisələrlə bağlı olmasından xəbərdarıq. Ölkəmizə qarşı təhdid və hücumları mənbəyindən yox etmək məsələsində qətiyyətliyik" - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.