Britaniyanın baş naziri Teresa Mey ABŞ prezidenti Donald Trampa zəng edərək, onun Qüdsün İsrailin paytaxtı tanınması kimi bu yaxınlarda verdiyi qərarını müzakirə edib. Qərar BMT-nin Baş Assambleyasının ərəb və müsəlman ölkələrinin müraciəti əsasında fövqəladə iclasının çağırılmasına səbəb olub.
Telefon söhbəti ilə bağlı ilk məlumatı baş nazirin sözçüsü verib. Onun bildirdiyinə görə, iki lider Qüds məsələsində “fərqli mövqelərə” malikdir.
Telefon zəngi Tereza Mey və onunla bərabər 13 ölkənin lideri BMT-nin Təhlükəsizlik Şurasında Trampın qərarının geri çəkilməsinə dair qanun layihəsinə səs verməsindən sonra edilib. ABŞ qətnaməni veto edib.
Fələstinin nümayəndəsi Riyad Mənsurun bildirdiyinə görə, BMT-nin Baş Assambleyası qətnamə ilə bağlı cümə axşamı günü səsvermə keçirəcək. Qeyri-icbari xarakter daşıyan bu qətnamə ilə bağlı səsvermə daha çox siyasi əhəmiyyətə malikdir.
Mey və Tramp telefon söhbəti zamanı Yəməndə humanitar böhranla əlaqədar dərin narahatlıqlarını bildiriblər.
Britaniya baş nazirinin sözçüsünün verdiyi məlumata görə, “onlar aclığın qarşısının alınması və günahsız yəmənlilərin əziyyətlərinin azaldılması üçün humanitar və kommersiya yollarının açılmasının həyat əhəmiyyəti daşıdığı məsələsində razılığa gəliblər.”
Mey eyni zamanda, Trampı Brexit-lə əlaqədar əldə edilmiş son inkişaflarla bağlı məlumatlandırıb. Onlar Brexit-dən sonrakı dövrdə ikitərəfli ticarət razılışmalarının əhəmiyyəti ilə bağlı razılıq əldə ediblər.
Trampın iqtisadi sahədə inkişafın əldə edildiyini vurğuladığı bildirilir.