Meydan.tv saytı ilə əməkdaşlıq etmiş jurnalist Natiq Cavadlı fevralın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Jurnalistin dindirilməsi iki saatadək davam edib.
Natiq Cavadlı Amerikanın Səsinə bildirib ki, dindirmə zamanı əvvəllər əməkdaşlıq etdiyi Meydan.tv saytının fəaliyyəti ilə bağlı suallara cavab verib. O detallı danışmayıb və istintaq sirrini yaymamaq barədə iltizam alındığını deyib.
Jurnalisti müstəntiq Əli Babayev dindirib.
Xatırladaq ki, fevralın 5-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Meydan.tv saytı ilə əməkdaşlıq etmiş daha iki jurnalist dindirilib.
Meydan.tv saytının ofisi ölkədən xaricdə yerləşir. Sayt hazırki hakimiyyətin yüksək vəzifəli şəxslərinin biznes fəaliyyəti ilə bağlı araşdırma yazıları, tənqidi məqalələrlə çıxış edir və ölkədə baş verən hadisələr barədə operativ məlumatlar yayır.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi bir neçə ay öncə də saytla bağlı jurnalistlərə suallar vermişdi. 2015-ci il sentyabrın 19-da Meydan.tv saytı ilə əməkdaşlıq etmiş 3 qadın jurnalist Bakı Hava Limanında saxlanılıb. Sentyabrın 20-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir neçə saat dindirildikdən sonra azad buraxılıb.
Bununla yanaşı, 2015-ci il sentyabrın 16-da saytla əməkdaşlıq edən Şirin Tire polisə müqavimət ittihamı ilə 30 sutka həbs cəzasına məhkum edilib.