Accessibility links

Yunanıstan adaları yaxınlığında batan miqrant qayıqlarında 4-ü uşaq olmaqla 5 nəfər ölüb


Yunanıstan rəsmiləri Türkiyə sahillərindən Yunanıstan adalarına gedən iki miqrant qayığı ilə bağlı insident zamanı dördü uşaq olmaqla, beş nəfərin öldüyünü, onlarla insanın xilas edildiyini bildirib.

Sahil mühafizəsinin bildirdiyinə görə, Yunanıstanın Türkiyə sahillərinə yaxın olan Lesbos adasının şimal-şərqində miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər ölüb, 18 nəfər xilas edilib. Hökumətin sözçüsü Pavlos Marinakis onların 8 yaşlı bir oğlan, 3-nün isə 14 və 8 yaşlı, eləcə də 11 aylıq qız uşaqları olduğunu bildirib.

Sahil Mühafizəsinin sözçüsü Nikos Aleksiu hadisənin Türkiyə sularında baş verdiyini, lakin Türkiyə Sahil Mühafizəsinin xilasetmə əməliyyatı keçirmədiyi üçün sərnişinləri Yunanıstan patrul gəmisinin xilas etdiyini bildirib. Sağ qalanlar Lesbosun əsas limanı Mitiliniyə aparılıb, iki nəfər yerli xəstəxanaya yerləşdirilib.

Sahil mühafizəsinin verdiyi məlumata görə, patrul gəmisi 37 nəfəri daşıyan qayığı bazar ertəsi gecə saat 1 radələrində Egey dənizinin şərqindəki Samos adasında görüb. Məlumatda sərnişinlərin patrul gəmisini görən kimi suya atıldıqları və xilasetmə əməliyyatına başlandığı bildirilib.

Rəsmilər bildiriblər ki, bir qadın və bir oğlan sudan huşsuz vəziyyətdə çıxarılıb və sahil mühafizəsi əməkdaşları onlara ürək masajı edib. Sahil Mühafizəsinin bildirdiyinə görə, qadın ölüb, lakin oğlan sağ qalıb. O, sağ qalan doqquz nəfərlə birlikdə Samosdakı xəstəxanaya aparılıb.

Sahil Mühafizəsi həftə sonu Egey dənizinin şərqindəki adalar yaxınlığındakı qayıqlardan onlarla insanı götürdüyünü deyib.

Məlumatda bazar günü Lesbos sahillərində bir qayıqdan 20 nəfərin, şənbə günü isə eyni adanın yaxınlığında batan başqa bir qayıqda olan 11 nəfərin çıxarıldığı bildirilib.

Sahil Mühafizəsinin dediyinə görə, biri 35, digəri isə 21 nəfəri daşıyan daha iki qayıq Samosa şənbə günü gəlib.

Forum

XS
SM
MD
LG