Accessibility links

Milli fəal Kiyanuş Aslani Tehranın Evin həbsxanasına göndərilib


40 gündən artıqdır Tehranda nəzarət altına alınan türk dil hüquqları fəallarından Kiyanuş Aslaninin həbsxanaya göndərildiyi bildirilir.

Bu haqda məlumat yayan HRA agentliyinə istinadən, tutulan digər fəal Tovhid Əmir-Əmini hələ də təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır.

İranın təhlükəsizlik qüvvələri Kiyanuş Aslani və Tovhid Əmir-Əminini fevral ayının 21-də Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar həbs ediblər.

Amerikanın Səsininə məlumat verən Əmir-Əmininin yaxınlarını onun tutulduğu zaman məmurlar tərəfindən döyüldüyünü söyləyirlər.

Əmir-Əmini keçən beş il ərzində Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar bir neçə dəfə nəzarət altına alınaraq, həbs və şallaq cəzalarına məhkum edilib.

İran İslam Respublikası qeyri-fars icmaların Dünya Ana Dili Günü münasibətilə tədbir keçirmələrinə maneələr törədir.

Keçən fevral ayında Dünya Ana Dili Günü münasibətilə Şərqi Azərbaycan vilayəti Marağa Universitetində türk dili və ədəbiyatı bölümünün açılması tələbi ilə petisiya imzalayan tələbələrin universitetdən qovulmaqla təhdid edildiyinə dair yerli mətbuatda məlumat yayılmışdı.

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Xüsusilə də 2007-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

XS
SM
MD
LG