Accessibility links

Milli Məclis eks-prezident haqqında qanun qəbul edib


Qanunun qəbulu siyasi mühacirətdə olan eks-prezident Ayaz Mütəllibovun ölkəyə qayıdışını həll etməlidir.

Milli Məclis “Azərbaycan Respublikasının eks-prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununu qəbul edib. 109 deputat qanunun “lehinə”, biri “əleyhinə” səs verib. Sənəd müzakirəsiz qəbul olunub.

Qanunun qəbulu 1992-ci ildən Moskvada siyasi mühacirətdə yaşayan eks-prezident Ayaz Mütəllibovun ölkəyə qayıdışı məsələsini həll etməlidir.

Sənəd əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin (keçmiş prezidentin) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir. Pensiya və müavinətlərin ödənilməsi və digər təminatların verilməsi ilə bağlı xərclərin məbləği dövlət büdсəsində ayrıca sətirlə göstərilir.

Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir nəqliyyat vasitəsi verilir. Ona həmçinin Azərbaycanın fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir.
Keçmiş prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir. O prezident seçilməzdən əvvəl və prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz.

XS
SM
MD
LG