Accessibility links

Milli Şura müxalifət fəallarının həbsini pisləyir


Milli Şura
Milli Şura

Milli Şura hökuməti ədalətli seçkiqabağı mühit yaratmağa, həbs edilənləri azad etməyə çağırır

Milli Şura Azər İsmayıl və digər siyasi məhbusların dərhal həbsdən azad olunmasını, repressiyaların dayandırılmasını, ölkədə sərbəst toplaşmaq azadlığının və normal seçki mühitinin təmin olunmasını tələb edir. Bu barədə Milli Şuranın bu gün yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, avqustun 12-də Müsavat Partiyasının Sabirabad rayon təşkilatının sədr müavini Azər İsmayıl əsassız olaraq həbs edilib. Onun barəsində inzibati qaydada 5 sutka həbs cəzasının verilməsi haqqında sifarişli hökm çıxarılıb.

Milli Şura son zamanlar hakimiyyətin həyata keçirdiyi həbsləri demokratik qüvvələrə qarşı intensivləşən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

Hazırda həbsdə olan Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya qarşı yol verilən qanunsuz hərəkətlər, avqustun 13-də Müsavat Partiyasının rəhbərliyinin Masalıda yerli müsavatçılar üçün keçirdiyi seminara hüquq-mühafizə orqanlarının maneçilik törətməsi, Lənkərana səfər zamanı 5 nəfər Müsavat fəalının polis tərəfindən saxlanılması, avqustun 6-da AXCP Ali Məclisinin üzvü, Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyevin saxlanılaraq, 7 yaşlı nəvəsi ilə birgə polis bölməsinə aparılması bir daha ölkədəki seçki öncəsi vəziyyətin anti-demokratik olmasından xəbər verir.

Milli Şura hesab edir ki, seçki prosesinin yeni başladığı bir dövrdə bu cür addımlar ümumilikdə seçkinin legitimliyini şübhə altına alır.

Milli Şura dəfələrlə hazırkı seçki öncəsi durumun dözülməz olduğunu və bütün seçki iştirakçılarına bərabər şəraitin yaradılmadığını bəyan edib.

“Son zamanlar hakimiyyətin həyata keçirdiyi həbslər demokratik qüvvələrə qarşı intensivləşən repressiyaların tərkib hissəsi kimi qiymətləndirilir”, sənəddə qeyd edilir.

Öz növbəsində hökumət rəsmiləri ölkədə seçkiqabağı mühitin ədalətli, demokratik olduğunu bildirir. Prezident Administrasiyasının şöbə müdir Əli Həsənov ölkədə siyasi fəaliyyətinə görə insanların həbs edilmədiyini dəfələrlə vurğulayıb.

Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanda həbsdə olan çoxsaylı insanları siyasi və vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG