Accessibility links

Avropaya inteqrasiya qaçılmazdır - Milli Şurada dinləmələr [Video]


Avropaya inteqrasiya qaçılmazdır - Milli Şurada dinləmələr
please wait

No media source currently available

0:00 0:05:25 0:00

Avropaya inteqrasiya qaçılmazdır - Milli Şurada dinləmələr

Milli Şura Azərbaycan hökumətini Ukraynadan nəticələr çıxarmağa çağırıb

"Azərbaycanın Avropaya inteqrasiyasının alternativi yoxdur". Milli Şuranın Avrointeqrasiya mövzusunda keçirdiyi dinləmələrdə bir sıra müxalifət partiyalarının təmsilçiləri, ziyalılar, ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycan 2004-cü ildə Avropa İttifaqının (Aİ) “Avropa Qonşuluq Siyasəti” layihəsinə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” Proqramına qoşulub. Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. Saziş vizaların sadələşdirilməsi, qanunsuz miqrantların qaytarılmasını nəzərdə tutur. Ukrayna hadisələrindən sonra Avropa İttifaqı ilə assosiativ saziş imzalanması da ictimai müzakirələrin mövzusudur.

“Bu yaxınlarda Gürcüstan və Moldova Aİ ilə assosiativ sazişi imzalayacaq. Ukraynanın sazişdən imtina etməsi isə ölkədə azadlıq, demokratiya istəklərini birləşdirdi və xalq inqilab etdi. Azərbaycan da assosiativ sazişi imzalamalıdır”, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qeyd edib.

Milli Şurada Avrointeqrasiya dinləmləri
Milli Şurada Avrointeqrasiya dinləmləri
"Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesini uzatması tənqidlə qarşılanıb. Azərbaycan analoqu olmayan inkişafdan imtina edər, amma ÜTT-yə üzv olmaz. Çünki gömrük sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, daxili bazarın liberallaşdırılması məmurların mənafeyinə uyğun gəlmir. Beləliklə Azərbaycanın yüksək vəzifəli şəxslərinin Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqda maraqlı olmaması ilə bağlı bəyanatları auditoriya tərəfindən qəbul edilmir".

“Azərbaycan strateji tərəfdaşlıq sazişi imzalamaqda maraqlıdır. Bu modernləşmə sazişidir və başqa məzmundur. Bizim maraqlarımıza Avropaya tam inteqrasiyanı nəzərdə tutan assosiativ sazişin imzalanması cavab verir”, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva bildirib.

Dinləmələr boyu Azərbaycan iqtidarının son 20 ildə ölkəni Avropa dəyərlərindən geri sürüklədiyi, avtoritarizmə apardığı bildirilib.

”Azərbaycanın indiki siyasi kimliyi avtoritarizmdir. Amma yüz il öncə babalarımız Azərbaycanın siyasi kimliyini Avrointeqrasiyada görürdü. Azərbaycan “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə arasında yalnız Belarusdan irəlidir. Belarus da artıq seçki sistemlərində Azərbaycandan irəlidədir. Biz nəticə çıxarmalıyıq”, xanım Əliyeva əlavə edib.

Keçmiş SSRİ məkanında Avropa dəyərləri uğrunda mübarizədə ən böyük zərbələri Azərbaycan alıb. Bunun müqabilində Avropadan ən az dəstəyi də Azərbaycan görüb. Avropa İttifaqı Azərbaycana münasibətdə demokratik dəyərlərə deyil, enerji əməkdaşlığına daha çox üstünlük verir. Eyni zamanda dinləmələrdə Avropa İttifaqının yalnız yunan Kiprini üzv qəbul etməsi, Türkiyəyə münasibətdə ikili standartlara yol verməsi göstərilib və bunun müsəlman ölkələrinə ümumi dəyərlərdən deyil, fərqli mövqe nümayişinin olduğu kimi dəyərləndirilib.

“Ermənistan artıq Rusiyanın tərkib hissəsinə çevrilməkdədir. Buna baxmayaraq Aİ-nin bu ölkəyə münasibəti hələ də dəyişməz qalır. Azərbaycan əhalisinin gəlirinin böyük hissəsi Rusiyadan gəlir. Avropa İttifaqının Gürcüstanda və Azərbaycanda münaqişələrin həllinə təsiri hiss edilmir. Bu səbəblərdən Azərbaycan seçicisi düşünür ki, Aİ-yə üzvlük Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək edəcəkmi? Aİ-nin ölkənin demokratik qüvvələri ilə də məsafədən əlaqə saxlaması da seçiciyə ümid vermir”, REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli vurğulayıb.

Auditoriya Avrointeqrasyanın alternativsizliyini qəbul etsə də, çıxışlarda tənqidlər də yer alıb.

“Azərbaycanın korrupsioner, rüşvətxor məmurlarının pulları nə Rusiya, nə də Çin banklarında deyil. Onlar pullarını Avropa və Amerika banklarında saxlayır. Sonra isə bu pulları Azərbaycana guya xarici investisiya kimi faizlə verirlər”, vəkil Aslan İsmayılov bildirib.

Avropa İttifaqı Azərbaycan iqtidarı üçün yox, Azərbaycan xalqı üçündür. Aİ assosiasiya sazişini Azərbaycana təqdim edib, indi seçim Azərbaycan xalqınındır.

“Demokratik qüvvələr Azərbaycan xalqına çatdırmalıdır ki, Avropaya inteqrasiya həyatınızı dəyişəcək, korrupsiyaya, rüşvətə son qoyacaq, ölkəni klanın, tayfanın əlindən alacaq. Avropa İttifaqının maraqları ilə Azərbaycan xalqının demokratikləşmə maraqları üst-üstə düşür”, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib.

Müzakirələrdə Avrointeqrasiya prosesinin getdikcə güclənəcəyi, yaxın zamanlarda Avropanın maraqları ilə Azərbaycan iqtidarının maraqlarının toqquşacağı və bunun 2015-ci ilə də təsadüf edə biləcəyi qeyd edilib. Bununla yanaşı, bildirilib ki, Ukraynaya təzyiqlər Azərbaycana da təzyiqlərin artacağını göstərir və təzyiqləri əsasən Rusiyadan gözləmək olar.

“Avropa İttifaqına inteqrasiya qrup dövlətlər və ya region dövlətləri səviyyəsində olanda təsirləri azalda bilər. Gürcüstanın, Ukraynanın inteqrasiya prosesi bu mənada dərs ola bilər. Gürcüstandakı 2008-ci il böhranı da bir daha sübut etdi ki, təklikdə inteqrasiya mümkün deyil. Avropa İttifaqı, NATO-da təklikdə inteqrasiyada maraqlı görünmür. Ona görə də birinci Cənubi Qafqaz ölkələri arasında, ikinci Avropa İttifaqı çərçivəsində və Rusiya çətiri altında inteqrasiya vacibdir. Birgə qəbul vahid səs olar. Avropaya inteqrasiya labüddür və artıq Avropanın coğrafi sərhədləri siyasi sərhədlərə çevrilir”, filosof Əli Abbasov bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli son dövrlər ölkədə Avropa dəyərlərinin bütün istiqamətlərdə geriləməkdə olduğunu diqqətə çatdırıb. Ölkədə 600 min ailə (2 milyondan çox insan) ünvanlı sosial yardım üçün müraciət edib, işçi əhalinin yarıdan çoxu çörək pulu qazanmaq üçün ölkəni tərk edib.

“İlham Əliyev isə deyir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmamaq daxili bazarı qorumaqdan irəli gəlir. Heç bir dövrdə talançılıq bu səviyyəyə qalxa bilməyib. Bunlar bazarı yox, öz monopolist maraqlarını qoruyur. Burada bazardan çox, kolxoz bazarından danışmaq olar”, cənab Həsənli qeyd edib.

Milli Şuranın sədri Azərbaycanın hazırkı rejiminin tutduğu yolun xalqa və Avropa dəyərlərinə zidd olduğunu deyib.

“Aİ-dən xahişimiz odur ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləsin. Ukrayna sınaqdan uğurla çıxıb”.

O, Azərbaycanın Avrointerqasiya yolunu 100 il əvvəldən tutduğunu xatırladıb. Cəmil Həsənli eyni zamanda Avropa dövlətlərini Azərbaycana münasibətdə qınayıb.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərində müşahidə etdikləri məntəqələrdə seçkilərin 58 faizinin saxta olduğunu bəyan edib. Bunun müqabilində Aİ və ya ATƏT-ə üzv olan 3-4 dövlət belə seçkilərin nəticələrini tanımamalı idi. Bu mənada münasibətlər prioritet olsa idi, yaxşı olardı”, Milli Şuranın sədri müzakirələrə yekun vurub.
XS
SM
MD
LG