Accessibility links

Həmsədrlər dövlət başçılarının bu ilin sonunadək görüşə hazır olmalarını alqışlayır


ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı birgə məlumat yayıb.

Prezidentlər İlham Əliyev və Serj Sarqsyanla görüşmək məqsədi ilə həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) Yerevan və Bakıya səfər edib. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Məlumatda deyilir ki, həmsədrlər prezidentlərlə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasına dair danışıqların inkişafı barədə cari təklifləri müzakirə edib.

Onlar dövlət başçılarının bu ilin sonunadək görüşə hazır olmalarını alqışlayır və prezidentlərin gözlənilən görüşünün gündəliyinin həmsədrlərlə birgə hazırlanmasına dair hər iki ölkənin xarici işlər nazirlərini təlimatlandırıblar.

"Biz həmçinin son bir neçə ay ərzində Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xətti boyu nisbi sakitlik olduğunu alqışlayırıq", məlumatda deyilir.

Həmsədrlər həmçinin bir müddət əvvəl gərginliyin artmasından narahat olduqlarını bildirərək, prezidentləri zorakılıqdan çəkinməyə və atəşkəs rejiminə ciddi əməl etmək üçün addımlar atmağa çağırıb

"Prezidentlər bir daha Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşənlər haqqında məlumatların qarşılıqlı mübadiləsini davam etdirəcəklərini bəyan edib", həmsədrlər bildirir.

XS
SM
MD
LG