Accessibility links

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı yüksək səviyyədə siyasi dialoqun bərpasına çağırır


ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti- Fransa və Enrdu Şofer - ABŞ) mayın 5-də birgə bəyanatla çıxış edib:

“Həmsədrlər saxlanılan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır və hər iki tərəfi bütün məhbusların, saxlanılanların və cəsədlərin dəyişməsini tam və tez bir zamanda tamamlamağa, məhbuslarla insani rəftarı təmin etməyə çağırır.

Həmsədrlər 13 aprel açıqlamalarına istinad edərək, tərəfləri münaqişə bölgəsində minalardan təmizləmək üçün lazım olan bütün məlumatları təgdim etməyə, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa giriş məhdudiyyətlərini aradan qaldırmağa çağırır.

Həmsədrlər tərəfləri 13 aprel bəyanatında vurğulanan problemlərə toxunaraq, davamlı sülhə kömək edən qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırır. Buraya həmsədrlərin istiraki ilə ən yüksək səviyyədə siyasi dialoqun bərpası daxildir,” bəyanatda deyilir.

Mayın 5-də ABŞ Dövlət katibi Entoni Blinken də Azərbaycanın üç erməni məhbusu sərbəst buraxmasını alqışlayıb.

"Hər iki tərəfi bütün məhkumları, məhbusları və cəsədləri tezliklə dəyişməsini başa vurmağa və məhbuslarla insani rəftarı təmin etmək öhdəliklərinə hörmət etməyə çağırırıq," Dövlət katibi twitter səhifəsində yazıb.

Azərbaycan və Ermənistan mediası rəsmi qurumlara istinadən Azərbaycan tərəfinin mayın 4-də 3 erməni hərbçisini azad etdiyi haqda məlumat verib. Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun təyyarəsi ilə hərbçilərin Yerevana aparıldığı bildirilib.

Azərbaycan 2020-ci il noyabrın 10-da Qarabağda döyüşlərin dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatdan sonra 62 erməni hərbçisinin yenidən Qarabağa göndərilidiyini bildirib. Həmin hərbçilərin Azərbaycan Ordusunu və mülki şəxsləri atəşə məruz qoyduğu, nəticədə ölən və yaralananların olduğu bildirilib. Bundan sonra Azərbaycan tərəfi əməliyyat həyata keçirərək 62 erməni hərbçisini ələ keçirib. Azərbaycan həmin hərbçiləri hərbi əsir hesab etmir və bildirir ki, terror hərəkətləri həyata keçirdiklərinə görə ölkə qanunvericiliyi qarşısında cavab verməlidirlər. Erməni hərbçilərə qarşı cinayət işi qaldırılıb və hazırda istintaq gedir.

Erməni tərəfi isə Azərbaycanda 200-dən 300-ə qədər əsirin olduğunu iddia edir və onların Ermənistana qaytarılmalı olduğunu bildirir.

Ermənistan Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda Bakının beynəlxalq hüququ və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını pozduğu deyilib. Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycan dekabr ayında Hadrutda tutulan 62 erməni hərbçini qanunsuz olaraq saxlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, Ermənistan hərbçiləri üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə göndərilib və "təxribatlar" törədiblər.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

ABŞ Dövlət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də telefon söhbəti zamanı ikitərəfli tərəfdaşlıq əlaqələrinin vacibliyini vurğulayıb və bir sıra müxtəlif məsələləri müzakirə edib.

Dövlət Departamentinin açıqladığı bəyanatda Blinkenin Minsk Qrupunun həmdsədrlərinin Dağlıq Qarabağda davamlı sülhə nail olunması istiqamətində səylərini davam etdirməsinin vacibliyini vurğuladığı bildirilir.

XS
SM
MD
LG