Accessibility links

Saxta viza ilə Avropaya miqrasiya etmək istəyən 3 Nepal vətəndaşı saxlanılıb


Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) 3 xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycana gəlmək cəhdinin qarşısını alıb.

DSX-nin mətbuat mərkəzinin məlumatına görə, “Şarja-Bakı” təyyarə rey­sinin rəsmiləşdirilməsi zamanı 3 Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizaların başqa dövlətlərin vətəndaşlarına aid olduğu müəyyənləşib.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İran vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətəndaşı Shah Qasım Alinin adına verildiyi aşkarlanıb.

“Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit isti­fadə etməklə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Nepal vətəndaşlarının Azərbaycanın elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etmələrini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyənləşdirilib”, Sərhəd Xidmətinin məlumatında deyilir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

XS
SM
MD
LG