Avropa İttifaqının Mobilaze layihəsi çərçivəsində Bakıda Dövlət Sərhəd Xidmətinin və Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün dövlət sərhədini keçən əcnəbilərin sənədləri ilə yeni iş metodlarının təlimi üzrə üç günlük yekun treninqlər keçirilib.
İşçilərə saxta sənədləri tanımaq, sənədləri rəsmi nümunərilə tutuşdurmaq, söhbət aparmaq, müasir avadanlıqla işləmək vərdişləri öyrədilib.
Sözügedən idarələrə praktiki iş, miqrasiya və sərhəd xidmətlərinin işçilərinə paylanılması üçün sənədlər və təlim materialları verilib.
Həmçinin, Avropa İttifaqı Azərbaycan, ingilis, rus, ərəb, çin və urdu dillərində cib lüğətləri, habelə smartfonda oxunan mikrokartlarda elektron formatda təlimatlar, vəsaitlər hazırlayıb və azərbaycanlı məmurlara təqdim edib.
Təlim Aİ-nin "Azərbaycanla yerdəyişmə üzrə əməkdaşlığa dəstək" (Mobilaze) layihələri çərçivəsində Aİ və Azərbaycanın imzaladığı Yerdəyişmələr üzrə Tərəfdaşlıq Bəyannaməsinə uyğun olaraq keçirilib.
Tərəfdaşlığın məqsədi mütəşəkkil miqrasiyanın idarə edilməsi təcrübəsinin və bacarıqlarının Azərbaycana ötürülməsindən, miqrasiya proseslərinin monitorinqi, araşdırılması və proqnozu potensialının genişləndirilməsindən ibarətdir.
Layihə iştirakçıları yeddi Aİ ölkəsinə təlim səfərləri edib.
Sənədlərin qəbulu mərasimində çıxış edən Miqrasiya və Sərhəd xidmətlərinin rəis müavinləri Ülvi Əliyev və Azad Qasımov layihənin uğurla həyata keçirilməsindən məmnunluq ifadə edib. Layihənin meneceri Məryəm Hacıislamovanın sözlərinə görə, layihə 2019-cu ilin ortalarına qədər davam edəcək.