Accessibility links

Mirmahmud Mirəlioğlu: Cavad xan şəhid olan gündən hər bir azərbaycanlı rus işğalından azad olmaq istəyib


Mirmahmud Mirəlioğlu: Cavad xan şəhid olan gündən hər bir azərbaycanlı rus işğalından azad olmaq istəyib
Mirmahmud Mirəlioğlu: Cavad xan şəhid olan gündən hər bir azərbaycanlı rus işğalından azad olmaq istəyib

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, dövlət müstəqilliyinin elan edilməsi, son 20 ildə dövlət müstəqilliyinin inkişafı, müstəqillik uğrunda mübarizə aparan insanlara hökumətin münasibətindən danışıb.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, “Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı”nın lehinə səs vermiş keçmiş deputat Mirmahmud Mirəlioğlu Amerikanın Səsi radiosuna müsahibəsində 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentində dövlət müstəqilliyinin elan edilməsi, son 20 ildə dövlət müstəqilliyinin inkişafı, müstəqillik uğrunda mübarizə aparan insanlara hökumətin münasibətindən danışıb. Onun sözlərinə görə, müstəqilliyin lehinə səs vermiş insanları yubiley tədbirlərinə dəvət etmirlər.

Sual: Dövlət müstəqilliyinin elan edildiyi parlament iclasını necə xatırlayırsınız?

Cavab: 1991-ci il oktyabrın 18-də “Dövlət müstəqilliyi haqqında konstitusiya aktı” parlamentdə qəbul edilən zaman insanlar arasında mübarizlik əhval-ruhiyyəsi yüksək idi. O zaman hamının bir yerdə olması diqqəti cəlb edir. Bundan altı ay öncə Sovet imperiyasının saxlanması ilə bağlı parlament qərarının qəbul edilməsinin əleyhinə cəmi 43 deputat səs vermişdi. Amma, 18 oktyabrda parlamentin 354 deputatının yalnız cüzi bir hissəsi müstəqillik aktının ayrı-ayrı maddələrinin əleyhinə səs verə bilirdi. Son nəticədə aktın bütün maddələri alqışlarla qarşılanırdı.

Sual: Müstəqilliyə gedən yol da ağır olub. Həmin illəri necə xatırlayırsınız?

Cavab: Bu illər keşməkeşli idi. Azərbaycan Rusiya tərəfindən işğal olunandan bəri, Gəncə xanı, bizim Cavad xan şəhid olan gündən 1993-cü il mayın 25-dək hər bir azərbaycanlı rus qoşunlarının ölkədən çıxarılmasını istəyib. Ona görə də müstəqilliyə gedən yol çox ağır, məşəqqətli və şərəfli bir yoldur. Bu yolda çoxsaylı itkilərimiz, şəhidlərimiz olub. Son nəticədə isə xalqın bir mübarizə təşkilatı yaranmışdı. Bu yol Azərbaycanın şərəf yoludur.

Sual: Müstəqillik sanki Sovet dönəmində insanların şüurlarında həkk olunmuşdu. Bu yolda Azərbaycan ziyalılarının rolunu necə qiymətləndirirsiniz?

Cavab: Burada Azərbaycan ədəbiyyatının müstəsna rolu olub. 20-ci əsrin sonlarına doğru isə Əbülfəz Elçibəyin müstəsna rolu oldu. Əbülfəz bəy Azərbaycan ədəbiyyatını və tarixini dərindən bilirdi və hələ 20-ci əsrin 70-ci illərində bu ideologiyanı Bakı Dövlət Universitetinin auditoriyalarında insanlara aşılayırdı. Məhz, bunun nəticəsi idi ki, o Azərbaycanın ilk və son dissidenti oldu. Bununla yanaşı, Azərbaycan xalqı hər zaman fərdlər olaraq belə, müstəqillik mübarizəsini davam etdirib. Ölkədə rus işğalına qarşı, imperiyaya qarşı yüzlərlə üsyanlar olub. 1956-cı ildə Qız qalasının üzərində Azərbaycanın üçrəngli bayrağı bir neçə dəqiqə olsa da dalğalanmışdı. Bu mücadilə heç zaman sönməyib. Xüsusilə də, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Məmməd Əmin Rəsulzadə və onun silahdaşları bu ideyanı Türkiyədə və digər xarici dövlətlərdə inkişaf etdirib.

1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyinə həsr olunmuş elmi konfransda tarixçi doktor Süleyman Əliyarlı çıxış edərək Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyi olduğunu bəyan edib. Bundan sonra, Azərbaycanın müstəqilliyinin əleyhinə olanlar ona qarşı hücuma keçib, Moskvadan gələnlər özlərini çox narahat hiss edib. Süleyman müəllim üçün bu çıxış çox asan başa gəlməsə də, daxilində müstəqillik ideyasını daşıyanlar görkəmli tarixçimizi ürəkdən alqışlayıb. Bu qüdrətli elm adamının o zaman dediklərindən Azərbaycan vətəndaşları indi də fəxr duyur.

Sual: Azərbaycan hökuməti müstəqilliyin bərpa edilməsinin 20 illik yubileyi ilə bağlı tədbirlər keçirir. Amma, maraqlıdır ki, müstəqillik uğrunda canından, qanından keçmiş insanlar bu tədbirlərə dəvət edilmir. Hökumətin belə münasibətinə səbəb nədir?

Cavab: Dövlətin bu münasibəti Atatürkün gənclərə ünvanladığı bir kəlamını yada salır. “Zaman olar vətənin, məmləkətin sınırları darala bilər. Adı adından, dili dilindən olanlar sənə hakim ola bilərlər. Amma, onların yeritdiyi siyasət sənə, ölkənə, istəklərinə uyğun olmaz. O zaman sən ən böyük enerjini damarlarında axan qanında tapacaqsan”.

Bu gün Azərbaycan iqtidarının siyasəti sanki müstəmləkə siyasətinin davamıdır. Yalnız özlərini və öz ətraflarını düşünürlər. Bu günki hakimiyyət hətta öz sələflərini belə qəbul etmir. Dövlətçilik psixologiyasından uzaq olan bu təmsilçilər dövlət müstəqilliyini bərpa edən şəxslərdən həqiqi mənada qorxur. Ona görə ki, hazırda hakimiyyətdə təmsil olunanların bir çoxu müstəqilliyin əleyhinə keçirilən referenduma tərəfdar olub. Bu insanlar sanki müstəqillik adlı bir nurdan qorxur, gizlənir.

XS
SM
MD
LG