Misirin qərbindəki səhra ərazisində militantlarla atışma nəticəsində ən azı 55 Misir polis əməkdaşının öldüyü bildirilir. Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, ölənlər arasında 20 nəfər polis zabiti olub.
Təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, polis əməkdaşları Hasm qruplaşmasının üzvlərinin axtarışını keçirən zaman militantların hücumuna məruz qalıblar. Hasm qruplaşması keçən il ərzində Misirdə baş verən bir neçə hücuma görə məsuliyyəti üzərinə götürmüşdü.
Rəsmilər bildirlər ki, Qəhirədən 135 kilometr cənub-qərbdə, Əl-Vahat Əl-Bahriya ərazisindən baş verən hücum nəticəsində təhlükəsizlik xidmətinin səkkiz digər üzvü xəsarət alıb. Daxili İşlər Nazirliyinin verdiyi bəyanatda militantlar tərəfindən də itkilərin olduğu bildirilir.
Misir Hasm qruplaşmasını 2013-cü ildən etibarən qanunsuz olan Müsəlman Qardaşlarının militant qanadı olmaqda ittiham edir. Müsəlman Qardaşları bunu inkar edir.
2013-cü ildə Müsəlman Qardaşlarının dəstəklədiyi prezident Məhəmməd Morsi vəzifəsindən uzaqlaşdırılandan sonra islamçı qruplaşmaların həyata keçirdiyi hücumların sayı artıb.