Accessibility links

Misirdə 22 yaraqlı asılmaqla edam cəzasına məhkum edilib


Misir məhkəməsi cümə axşamı 22 yaraqlını asılmaqla edam cəzasına məhkum edib.

Həmin şəxslər Misirdə 54 "terror əməliyyatı" törətməkdə, o cümlədən yüksək rütbəli bir polis zabitinin qətlində, keçmiş daxili işlər naziri Məhəmməd İbrahimi öldürməyə cəhddə təqsirli bilinib.

Misirdə mülki şəxslər üçün edamlar asılaraq həyata keçirilir. Ölüm cəzasına məhkum edilənlər arasında keçmiş polis əməkdaşı da var. Hökmlərdən apellyasiya şikayəti verilə bilməz.

Məhkum edilən 22 nəfər 2014-cü ildə İslam Dövləti qrupuna əlaqəsini elan edən Ənsar Beyt əl-Məqdis qruplaşmasının üzvü olmaqda günahlandırılır.

Misirin ən yüksək apellyasiya məhkəməsi olan Kassasiya Məhkəməsi də eyni iş üzrə daha 118 nəfərin bir neçə il həbs müddətindən ömürlük həbsə qədər cəzasını qüvvədə saxlayıb.

Misir illərdir Şimali Sinayda ordunun 2013-cü ildə Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin devirməsindən sonra qiyamlarla mübarizə aparır.

2018-ci ilin fevral ayında ordu və polis Şimali Sinaya yönəlmiş silahlılara qarşı ümummilli əməliyyata başlayıb. Rəsmi məlumatlara görə, əməliyyatlar başlayandan bəri təxminən 1073 yaraqlı və onlarla təhlükəsizlik işçisi öldürülüb.

Bu ayın əvvəlində Misir İŞİD yaraqlılarına qarşı sərhəddəki Rəfah şəhəri ətrafında əsgər sayını artırmaq üçün İsraillə razılığa gəlib.

Sinaydakı Ənsar Beyt əl-Məqdis döyüşçülərinə Misir ordusunun keçmiş xüsusi təyinatlı zabiti Hişam əl-Əşmavi rəhbərlik edirdi.

Amnesty International-ın bildirdiyinə görə, Misir Çin və İrandan sonra dünyada edam sayına görə üçüncü ölkədir. 2020-ci ildə Misir hakimiyyəti ən azı 107 nəfəri edam edib.

XS
SM
MD
LG