Misirin yeni prezidenti Məhəmməd Mursi keçən ay Ali Məhkəmənin qərarı əsasında məclisin hərbi şura tərəfindən buraxılmasına baxmayaraq, islamçıların üstünlük təşkil etdiyi parlamentin işini bərpa etməsi haqda göstəriş verib.
Misir prezidentinin sərəncamında qanunvericilərin iclasları yenidən keçirməyə başlaması haqda göstəriş verilir. Cənab Mursi habelə Misirin yeni konstitusiyasının qəbul edilməsindən sonra 60 gün ərzində yeni parlament seçkilərinin keçirilməsi haqda göstəriş verib.
Misirin Ali Məhkəməsi seçki prosesində pozuntuların aşkar edilməsindən sonra parlamentin buraxılması haqda qərar vermişdi. O zaman hakimiyyətdə olan hərbi şura qərarın icrasına başlayaraq, parlamentin olmadığı şəraitdə qanunvericilik funksiyasını öz üzərinə götürmüşdü.
Parlamentə yeni seçilmiş qanunvericilərin çoxu fəaliyyəti qadağan edilmiş Müsəlman Qardaşları təşkilatının üzvləri idi. Misirin prezidenti seçildikdən sonra cənab Mursi üzvü olduöu hərəkatdan çıxmışdır.