Misir rəsmilərinin açıqladığı ilkin hesabatda oktyabrın 31-i Sinay yarmadasında 224 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının terrorizmlə əlaqəsi olmadığı deyilir.
Mülki aviasiya nazirliyinin yayımladığı bəyanatda deyilir ki, qəzaya nəyin səbəb olduğu hələ araşdırılır. Lakin qəzanın terror aktı nəticəsində baş verdiyinə dair heç bir sübut aşkar edilməyib.
Rusiya və ABŞ da daxil olmaqla Qərb dövlətləri bildirib ki, qəzaya səbəb təyyarəyə yerləşdirilmiş partlayıcı maddələr olub. İslam Dövləti qrupu qəzaya görə məsuliyyəti öz üzərinə götürüb və bomba olduğunu iddia etdiyi fotolar paylaşıb.
Qəza Rusiya və Britaniya ilə turizm əlaqələrinə təsir göstərib. Hər iki ölkə Misirə uçuşları dayandırıb.
İslam Dövləti qrupu Rusiyanın Suriyada keçirdiyi hava hücumlarına cavab olaraq təyyarəni partlatdığını bildirib. Rusiya apardığı əməliyyatların militant qrupa qarşı deyil, Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı mübarizə aparan müxalifət qüvvələrinə qarşı yönəldiyini deyən Qərb dövlətlərinin tənqidləri ilə qarşılanır.
Pentaqon təyyarə qəzasından sonra Rusiyanın hədəflərinin İslam Dövləti qrupuna qarşı yönəldiyini bildirib.