Accessibility links

Qərbi Azərbaycan valisi Məhəmməd Sadıq Möhtəmidiyan İraqda səfərdədir


İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Sadıq Möhtəmidiyan fevralın 22-də İraqın Kürdüstan bölgəsinə üç günlük səfərə başlayıb.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, “İraqın Kürdüstan bölgəsi ilə ikitərəfli əlaqələri genişləndirmək” bu səfərin əsas məqsədidir.

İRNA valinin Kürdüstan bölgəsi ilə iqtisadi əlaqələri gücləndirməyə müsbət baxdığını bildirib.

Qərbi Azərbaycan valisi İraq səfərində Ərbil və Duhok kimi vilayətlərin valiləri və bəzi şəhərlərin icra başçıları ilə görüşüb.

“İran dövləti sərhəd vilayətlərin valilərinin yardımı ilə regional diplomatiyanın gücləndirilməsini hədəfləyir. Bundan öncə valilər İran Daxili İşlər Nazirinin fərmanı ilə təyin olunurdu, ancaq bu dövrdə nazirlər kabinetinin etimad səsi ilə təyin olunublar ki, dövlət siyasətlərini icra etsinlər. Gələn il vilayətlərə əlavə səlahiyyətlər veriləcək və beləliklə qonşu ölkələr ilə iqtisadi əlaqələri regional formada yürüdə biləcəyik,” Məhəmməd Sadıq Möhtəmidiyan Duhok valisi Əli Tatar ilə görüşdə söyləyib.

Mötəmidiyan həmçinin İraqın Kürdüstan bölgəsi ilə tranzit imkanlar və iqtisadi əlaqələri genişləndirmək istədiyini ifadə edib.

Əslən Kirmanşah vilayətindən olan mühafizəkar siyasətçi Məhəmməd Sadıq Mötəmidiyan keçən ilin oktyabr ayında Qərbi Azərbaycanın sabiq valisi əslən Şimali Xorasandan olan Məhəmməd Mehdi Şəhriyarinin yerinə gəlib. Türk fəallar və bəzi yerli siyasətçilər daxil olmaqla, Qərbi Azərbaycan vilayətində bir çox ictimai fəal növbəti valinin də yerli olmadığına etiraz edirlər. Dövlət agentliyi İRNA Mötəmidiyanı “etnik və regional məsələlər üzrə araşdırmaçı və ekspert” kimi təqdim edib.

XS
SM
MD
LG