Rəsmi Moskva bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emanuel Makronun görüşü zamanı diqqət çəkən uzun masa barəsində açıqlama verib. Rusiya tərəfi görüşdən əvvəl Fransa Prezidentinin Kremlin tətbiq etdiyi COVID-19 testindən keçməkdən imtina etməsi səbəbindən Rusiyalı həmkarı ilə bu formada oturmağa məcbur edildiyini bildirir.
Fransa Prezidenti fevralın 7-də Ukrayna ətrafında yaranmış gərginliyi azaltmaq səyləri çəçivəsində Putinlə Moskvada görüş keçirmişdi. Görüş zamanı liderlərin ətrafında oturduqları masa internetdə böyük diqqət cəlb etmişdi. Bundan əlavə görüşdən 3 gün sonra Putinin yaxın müttəfiqi olan Qazaxıtan Prezidenti Qasım Comərt Tokayevlə kiçik bir masa ətrafında oturması internetdə daha geniş istehza və müzakirələrə səbəb oldu.
Kremlin mətbuat katibi Dmitri Peskov fevralın 11-də jurnalistlərə bildirib ki, böyük masa barədə qərar Fransa liderinin Kremlinin həkimləri tərəfindən aparılan koronavirus testindən imtina etməsindən sonra verilib.
Macarıstanın baş naziri Viktor Orban və İran prezidenti İbrahim Rəisi də daxil olmaqla digər səfər edən rəsmilər də COVID protokollarına əsasən Putindən uzaq məsafədə oturmağa məcbur olub.
"Bəziləri ilə danışıqlar uzun masa arxasında aparılır, məsafə (masanın uzunluğu) təxminən 6 metrdir" deyə Peskov bildirib. O əlavə edib ki, "Bu bəzi qonaqların öz qaydalarına əməl etmələri, ev sahibi ilə əməkdaşlıq etməmələri ilə əlaqədardır". O həmçinin deyib ki, nəhəng masa qərarı siyasi xarakter daşımır. "Burada heç bir siyasi məsələ yoxdur və bu heç bir şəkildə danışıqlara mane olmur" deyə Dimitiri Peskov verdiyi açıqlamada bildirib.
Digər tərəfdən Makronun ətrafında olan mənbələr AFP xəbər agentliyinə bildirib ki, o “səyahət zamanı həmişə olduğu kimi bütün qaydalara əməl edib”. Lakin adının çəkilməsini istəməyən bir administrasiya rəsmisi məsələnin "Rusiya tərəfinin tələb etdiyi PCR testinin şərtləri" ilə bağlı olduğunu təsdiqləyib.
Masanın ölçüsü Fransanın Liberation jurnalının üz qabığında məsxərəyə qoyulub və internetdə olduqca geniş istehzaya səbəb olub.