Accessibility links

Moskvada Xəzərdə sərhədlərin demarkasiyası məsələləri müzakirə olunub


İyulun 4-də Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirilib.

İclasda Azərbaycanı xarici İşlər nazirinin müavini, prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini Rusiya Prezidentinin MDB İştirakçı-Dövlətləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov təmsil edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlərlə bağlı müzakirələr baş tutub və Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsində açıq qalan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin məsləhətləşmələr çərçivəsində Xələfov ilə Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri 4-cü Departamentinin direktoru Denis Qonçar arasında görüş keçirilib.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

Xəzər dənizi
Xəzər dənizi

Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans-xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans-xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.

Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.

Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

XS
SM
MD
LG