Accessibility links

Mosul ətrafında ərazilərdən qaçan dinc əhalinin sayı 10 minə çatıb


Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, Mosulun İslam Dövləti qrupunun döyüşçülərindən geri alınması əməliyyatlarına başlanılmasından bəri 10 mindən çox insan evini tərk edib.

İraqın ikinci böyük şəhərinin azad edilməsi əməliyyatları hökumət qüvvələri, kürd döyüşçüləri, sünni qəbilə üzvləri və şiə yaraqlılarının iştirakı ilə keçən həftədən başlayıb və şəhərin ətrafındakı kəndlər və şəhərlər artıq ələ keçirilib.

Keçən həftə BMT Mosul uğrunda döyüşlər zamanı 200 minə qədər insanın evlərini tərk edəcəyi və humanitar yardım qruplarının hələ də 70 minə qədər insanın yardıma ehtiyacı olduğu barədə xəbərdarlıq etmişdi.

İraqın Məcburi Köçkünlər və Miqrasia Nazirliyinin bu gün açıqladığı məlumatda köçkünlərin sayının sürətlə artdığı deyilir. Nazirlik Mosul əməliyyatları başlayandan bəri "ən böyük qaçqın dalğası"nın çərşənbə axşamı günü müşahidə edildiyini bildirib. Həmin gün qaçanların sayı 3300 nəfərə çatıb.

BMT oktyabrın 25-də İŞİD yaraqlılarının İraqın şimalında Mosul ətrafında məhkəməsiz qətllər və edamlar, eləcə də dinc əhalidən canlı qalxan kimi istifadə edilməsinə dair ilkin hesabatları əldə etdiyini bildirib.

ABŞ rəsmiləri bazar ertəsi bildirib ki, keçən həftə Mosulun geri alınması əməliyyatının başlamasından sonra İraq qüvvələri 800 kvadrat kilometrdən çox ərazini İŞİD qüvvələrindən azad edib.

XS
SM
MD
LG