BMT bildirib ki, Mosul şəhərinin nəzarətinin İŞİD qrupundan geri alınması uğrunda aparılan əməliyyatlar nəticəsində evlərindən didərgin düşən iraqlıların sayı tədricən artır.
İraq təhlükəsizlik qüvvələrinin şəhərin azad edilməsi uğrunda apardığı döyüşlər bir aydan çoxdur davam edir. Kürd və şiə yarı-hərbi dəstələrinin döyüşçüləri şəhərin ətrafından mərkəzə doğru irəliləyir. İraqın ikinci ən böyük şəhəri olan Mosulun nəzarəti ikinci ildir İŞİD-in əlindədir.
BMT-nin humanitar yardım ofisinin açıqladığı son bəyanatda 68 min 550 nəfərin evlərindən didərgin düşdüyü deyilir. Onların 14 mini ötən həftə məcburi köçkün vəziyyətinə düşüb. Bəyanatda döyüşlərin Mosulun daha sıx məskunlaşmış yerlərinə çatması ilə şəhərdən kütləvi şəkildə axının ola biləcəyi barədə xəbərdarlıq edilir.
İraqın Qırmızı Xaç cəmiyyəti evlərindən didərgin düşənlərin ümumi sayının 85 mindən çox olduğunu bildirib.
Hər iki təşkilat ehtiyacı olanlara ərzaq və tibbi yardımın çatdırılması üçün mümkün hər bir şeyi etdiklərini bildirib.
BMT Mosulun daxilində snayperlərin mülki vətəndaşları hədəf aldığını bildirib.