Mosul yaxınlığındakı qaçqın düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb. İraqın Səhiyyə Nazirliyi 700-dən çox insanın qidadan zəhərləndiyini və iki nəfərin dünyasını dəyişdiyini bildirib.
İnsident bir neçə ərəb ölkəsi ilə Qətər arasındakı mübahisələr vaxtına təsadüf edir. Səudiyyə Ərəbistanı zəhərlənməyə görə qaçqınlara yardım göstərən Qətəri günahlandırıb.
İraqın səhiyyə naziri Adilə Hamud deyib ki, 552 nəfər adam Həsən Şam U2 düşərgəsində axşam yeməyindən sonra xəstələnib. Bu düşərgə Mosuldan 20 kilometr şərqdə yerləşir.
İnsident iftar yeməyi zamanı baş verib. Hamudun bildirdiyinə görə, 300-dən çox insan xəstəxanaya yerləşdirilib.
BMT-nin Qaçqın Agentliyinin nümayəndəsi Əmirə Əbdülxalid ərzaq məhsullarının hazırlanma, qablama, daşınma və ya paylanma zamanı korlandığının bəlli olmadığını deyib.
"İndiyədək 800 belə hadisə qeydə alınıb. İrbildə 200-ə yaxın adam xəstəxanaya yerləşdirilib" - deyə, o bildirib.
Tibb işçiləri bütün günü düşərgədəki insanları müalicə edib. Əksəriyyəti uşaqlar olmaqla, xəstələr çadırlarda yerə uzadılıb. Vəziyyəti ağır olanlar isə təcili yardım maşınları ilə xəstəxanalara daşınıb. Onlarda qusma, mədə ağrıları və izhal müşahidə edilib.
Zəhərlənmə ilə bağlı rəsmi istintaq başladılıb.
İraq parlamentinin mühacirət və məcburi köçkünlər komitəsinin düşərgəyə baş çəkən rəhbəri Rəad Əl-Dəhlaki deyib ki, xəstələrin sayı 850 nəfər təşkil edir.
O, ərzaq yardımının Qətərin qeyri-hökumət təşkilatı RAF tərəfindən göndərildiyini bildirib.
Qətərin ərəb ölkələri ilə diplomatik əlaqələrinin kəsilməsindən sonra bu ölkə haqda çoxsaylı tənqidi məlumatlar yayılır.
RAF iyanələr toplamaqla dünyada ehtiyacı olanları humanitar yardımlarla təmin edir. Bu təşkilat Razaman ayında yoxsullara da yardım göstərir.
Qurum Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 12 təşkilatın yer aldığı terrorçu siyahısında yer alır.
Qətət hökuməti ittihamlara münasibət bildirməyib.
Həsən şam U2 düşərgəsində 6 235 qaçqın sığınacaq tapıb.