Accessibility links

Mübariz Qurbanlı: “YAP-ın seçki proqramı tam elmi əsaslara söykənir”


Mübariz Qurbanlı: “YAP-ın seçki proqramı tam elmi əsaslara söykənir”
Mübariz Qurbanlı: “YAP-ın seçki proqramı tam elmi əsaslara söykənir”

Azərbaycanda 2010-cu il 7 noyabr parlament seçkilərinə 7 həftə vaxt qalıb. Həm hakim, həm müxalif partiyaların, həm də bitərəflərin təbliğat-təşviqat kampaniyası davam edir. Hakim Yeni Azərbaycan Partiyasının 100 saylı Şəmrik-Daşkəsən seçki dairəsindən namizədi, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı təşviqat prosesi və müxalifətin seçki proseslərində pozuntularla bağlı açıqlamaları barədə Amerikanın səsinin suallarını cavablandırır.

Sual: Mübariz bəy, seçicilərinlə görüşləriniz olubmu? Ümumiyyətlə, təbliğat-təşviqat kampaniyası dövrünü necə qiymətləndirirsiniz?

Cavab: Təşviqat kampaniyası dövrünü yüksək qiymətləndirirəm. Seçki təşviqat kampaniyası bizim tərəfimizdən qanun çərçivəsində aparılır. Yeni Azərbaycan Partiyasının (YAP) rayon-şəhər təşkilatları seçki təşviqat kampaniyasını yerlərdə səviyyədə təşkil edilməsinə və seçicilərlə görüşlərin keçirilməsinə öz tərəflərindən xeyli köməklik göstərirlər. Konkret özümlə bağlı demək istəyirəm ki, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyim YAP tərəfindən irəli sürülüb və mən təşviqat mərhələsini həm Daşkəsəndə, həm də Şəmkirdə uğurla davam etdirmişəm, görüşlər keçirmişəm, müxtəlif səviyyəli söhbətlər aparmışam, ayrı-ayrı kəndlərdə ağsaqqallarla, ziyalılarla, əhali ilə görüşmüşəm.

Sual: Müxalifət düşərgəsi, xüsusilə də, AXCP-Musavat bloku qeydiyyat prosesində, daha doğrusu imzatoplama prosesində pozuntuların qeydə alındığını, toplaşma azadlığının pozulmasını və noyabrın 7-də keçiriləcək seçkilərin parlament seçkilərinin saxtalaşdırılacağını bildirir. Buna münasibətiniz necədir?

Cavab: Biz birinci dəfə deyil ki, müxalifət tərəfindən bu cür iddiaları eşidirik. Əvvəla seçki kampaniyasının birinci mərhələsinə qayıtsaq, həmin mərhələdə müxalifət partiyalarının zəif çıxış etdiyini müşahidə etdik. Yəni, hazırlıq işləri kifayət qədər aparmadan seçkiyə qatılıb iddialarla çıxış etmək o qədər də məntiqli deyil. YAP isə seçkiyə ən azı bir il bundan qabaq hazırlıq işlərinə başlayıb. Biz rayon-şəhər təşkilatlarında çoxsaylı görüşlər keçirmişik. Biz imzatoplama kampaniyasına qədər yerlərdə partiyamızın fəallarının harada imza toplayacağını dəqiq müəyyənləşdirmişdik. Biz seçki kampaniyamızı sırf Qərb texnologiyası əsasında aparırıq. Müxalifət partiyalarına baxın. Mən AXCP-Musavat blokunu və digərlərini misal göstərə bilərəm. Həmin partiyaların yerlərdə demək olar ki, strukturları çox zəif şəkildədir. Bunun səbəbi hakimiyyət deyil. Bunun səbəbi odur ki, yerlərdə insanlar həmin partiyalara, onların liderlərinə inanmırlar. Şəhərdə də onların tərəfdarları istənilən səviyyədə deyil. Onların keçirdiyi təşviqat kampaniyası zamanı keçirdikləri görüşlərə diqqət yetirsəniz, həmin görüşlərdə iştirak edənlərin eyni adamlar olduğunu görə bilərsiniz. Ona görə də, müxalifət partiyaları hər dəfə öz məğlubiyyətlərini sığortalamaq üçün seçkilər saxtalaşdırılacaq deyə seçkilərin hələ başlamasına 1-2 ay qalmış iddialar qaldırırlar. Mən hesab edirəm ki, bu iddialar əsası yoxdur. Bizim proqram isə tam elmi əsaslara söykənir.

Sual: Təmsil olunduğunuz partiyanın seçkilərdə sayı və missiyası barədə nə deyə bilərsiniz?

Cavab:YAP qanunauyğun şəkildə bütün məntəqələr üzrə müşahidəçilərini elan edib və həmin müşahidəçiləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Biz bu arada müşahidəçilər üçün seminarlar təşkil etmişik. Eyni zamanda biz burada Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu və digər qurumlarla əməkdaşlıq edirik.

Sual: Parlament seçkilərinə 1 həftə qalmış seçkilərin nəticələrindən sizing gözləntiləriniz nədir?

Cavab: Hər bir seçkidə ictimai rəyi öyrənən, təhlil edən və onunla əlaqədar fəaliyyət göstərən siyasi qüvvələr, siyasətçilər xeyli uğur qazanırlar. Bütövlükdə götürəndə hesab edirəm YAP parlamentdə yenə də aparıcı partiya rolunu qoruyub saxlaya biləcək.

XS
SM
MD
LG