Accessibility links

Qarabağ Forumu hökuməti təslimçilik siyasətindən əl çəkməyə çağırır


Qarabağ Forumu

Azərbaycan ərazilərinin azad edilməsi uğrunda hərbi əməliyyatları bərpa etməli, partizan hərəkatına başlanmalıdır. Bu fikirlər Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında yanvarın 24-də təşkil edilən Qarabağ Forumundakı çıxışların ana xəttini təşkil edib.

Forumda Müsavat, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal, Ümid, Böyük Azərbaycan, Azadlıq, Xalq, Azad Demokratlar, Demokrat, Ağ, Aydınlar, Milli Demokrat, Vahid Azərbaycan Milli Birlik partiyalarının, Qarabağ Azadlıq Təşkilatının liderləri, keçmiş döyüşçülər, o cümlədədn keçmiş Laçın Batalyonunun komandiri Arif Paşa, QHT rəhbərləri iştirak edib.

Partiya liderləri çıxışlarında Azərbaycan iqtidarını təslimçilik siyasəti aparmaqda günahlandırıb.

“Hakimiyyət dəyişməsə problemin həlli mümkün deyil. Biz hərb və şərəf seçimi qarşısındayıq. Biz bu hakmiyyəti dəyişə bilmiriksə, müharibəyə getməyə məcbur etməliyik”, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd edib.

Milli Demokrat Partiyasının rəhbəri İsgəndər Həmidovun fikrincə, münaqişə yalnız hərbi-siyasi yolla həllini tapa bilər.

“Münaqişənin həlli ermənilərin işğal etdikləri ərazilərdən zorla çıxarılmasından keçir. Bu baş verməzsə Ermənistan sülhə getməyəcək”, o bildirib.

Qarabağ Forumu
Qarabağ Forumu

Çıxışlarda münaqişənin həllini tapmamasının əsas günahkarı kimi Rusiya göstərilib.

“Bu, Rusiyanın Ermənistan vasitəsi ilə Azərbaycanın milli azadlığına qarşı apardığı müharibədir. Bu səbəbdən münaqişənin həlli uğrunda mübarizədə Azərbaycan xalqı milli-azadlıq hərəkatındakı kimi birgə olmalıdır”, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib.

Çıxışlarda həmçinin ATƏT Minsk Qrupunun həmsədrlik institutu kəskin tənqid edilib.

“Dünyada 20-dən çox münaqişə mövcuddur. Bu münaqişələrin heç birinin nizamlanması üçün həmsədrlik institutu yaradılmayıb”, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya liderləri Minsk Qrupunun həmsədrləinin rotasiya qaydasında əvəzlənməsini və ya Türkiyənin də həmsədrlər sırasına daxil edilməsini vacib sayıb.

Çıxışlarda Azərbaycan iqtidarına təzyiqlərin artırılması üçün davamlı olaraq tədbirlər keçirilməsinin vacibliyi qeyd edilib.

“Azərbaycan iqtidarı nəhayət təslimçilik siyasətinə son qoymalıdır”, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

Qarabağ Forumu
Qarabağ Forumu

Forumun qəbul etdiyi bəyanatda deyilir ki, təcavüzün başlanmasından 30 il, atəşkəs rejiminin elan olunmasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin təcavüzün aradan qaldırılması, ərazi bütövlüyünün bərpası üçün sistemli fəaliyyəti yoxdur.

“24 il davam edən uğursuz danışıqlar nəticəsində Krakov razılaşmasında tərəflər “münaqişənin iştirakçısı” kimi təsnif olunur, Azərbaycan-Ermənistan sərhəddində deyil, Azərbaycanın daxilində “hərbi təmas xəttində” hansı tərəfin atəşkəsi pozduğunu müəyyənləşdirmək üçün müşahidə missiyasının gücləndirlməsi barədə razılaşma əldə edilib. 2016-cı il aprel döyüşlərində ordumuzun qurbanlar bahasına həyata keçirdiyi rəşadətli əməliyyatının bu cür diplomatik uğursuzluqla nəticələnməsi cinayət kimi qiymətləndirilməlidir”, sənəddə qeyd edilir.

Qarabağ Forumu həmçinin hökumətdən problemi həll etmək, millli birlik yaratmaq üçün korrupsionerləri, rüşvətxorları hakimiyyətdən uzaqlaşdırmağı, insan hüquqlarını, sosial ədaləti, mətbuat azadlığını və məhkəmələrin müstəqiliyini təmin etməyi tələb edir.

“Azərbaycan hökuməti demokratik prinsiplərə əməl etməli, dünyanın və Avropanın demokratik təsisatları ilə münasibətlərindəki problemləri aradan qaldırmalıdır”, bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG