Accessibility links

Xüsusi prokuror Müller Trampın keçid komandasının minlərlə emailinin qanuni yolla əldə edildiyini bildirib


ABŞ-ın xüsusi prokuroru Robert Müller Donald Trampın prezident seçildikdən sonra keçid komandasının on minlərlə emailini toplamasını qanuni baxımdan müdafiə edib. Tramp administrasiyasının rəsmiləri emaillərin bir neçə ay bundan əvvəl təqdim edildiyini keçən həftə öyrənib.

Sözü gedən emaillər Trampın 2016-cı ilin noyabr ayında prezident seçildiyi vaxtdan 2017-ci il yanvarın 20-də onun vəzifəsinin icrasına rəsmən başladığı günə qədər Trampın keçid komandasının 13 yüksək səviyyəli rəsmisinin komputerindən göndərilib. Bu yazışmalarda milli təhlükəsizlik məsələləri, Trampın beynəlxalq münasibətlər sahəsində məqsədləri və onun yeni administrasiyada edəcəyi təyinatlarla bağlı fikirləri yer alır.

“Biz bu emailləri cinayət prosesinin gedişində əldə etdyimiz zaman, ya email hesablarının sahiblərinin razılığını, ya da müvafiq cinayət prosesini təmin etmişik”, Müllerin sözçüsü bazar günü bildirib.

Müller emailləri Trampın keçid komandasının işlədiyi və komputerlərdən istifadə edildiyi federal əmlaka nəzarət edən hökumət agentliyi olan Ümumi Xidmətlər administrasiyasından istəyib. Agentlik Trampın keçid komandasını məlumatlandırmadan emailləri sentyabrın 1-də ona təqdim edib.

Trampın keçid komandasını təmsil edən vəkil Kori Lanqhofer şənbə günü Senat və Nümayəndələr Palatasının komitələrinə şikayət edib ki, Müller emailləri “Ümumi Xidmətlər administrasiyasının onlara nə malik olduğunu, nə də nəzarəti olduğunu bilərək” əldə edib.

Biz xüsusi prokurorla tam əməkdaşlıq etməyə davam edirik və onun prosesi yaxın zamanda yekunlaşdıracağını gözləyirik
Ağ Evin sözçüsü Sara Hakabi Sanders

Trampın vəkili bildrib ki, Müllerin prokurorları Trampın kampaniyasının onun demokratik rəqibi Hillari Klintonu məğlub etməsinə kömək etmək üçün Rusiya ilə əlaqələri olub-olmadığı ilə bağlı təhqiqatın gedişində “sözü gedən materiallardan geniş şəkildə istifadə edib”. Lanqhofer deyib ki, prokurorlar bəzi materilların Trampın keçid komandasının vəkilləri və rəsmiləri arasında özəl müzakirələri əhatə etdiyi üçün açıqlanmalı olmadığından xəbərdar idi.

Ağ Evin sözçüsü Sara Hakabi Sander emaillərlə bağlı sualın cavabında deyib ki, “biz xüsusi prokurorla tam əməkdaşlıq etməyə davam edirik və onun prosesi yaxın zamanda yekunlaşdıracağını gözləyirik.”

Müllerin aylardır sürən təhqiqatı Trampın yardımçılarından artıq ikisinin günahkar tanınması ilə nəticələnib. Bunlardan biri keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinn, digəri isə xarici məsələlər üzrə müşavir Corc Papadopulosdur. Onlar federal təhqiqatçılara Rusiya rəsmiləri ilə kontaktlarına dair yalan söyləməkdə ittiham olunur. Təhqiqat eyni zamanda, Trampın kampaniyasının iki keçmiş rəsmisi-Maykl Manafort və Rik Geytsə qarşı Ukraynada Trampın Ağ Ev uğrunda müvəffəq kampaniyasından öncəki dövrə aid lobbiçilik fəaliyyətləri ilə əlaqədar ittihamnamələrlə nəticələnib.

Tramp dəfələrlə Müllerin təhqiqatının ona qarşı qərəzli olduğunu deyərək tənqid edib. Müller Federal Təhqiqat Bürosunun bir təhqiqatçısını onun təhqiqatda iştirak edən başqa bir işçi ilə email yazışmalarında Tramp haqda neqativ şərhlər yazdığı aşkar edildikdən sonra işdən uzaqlaşdırıb.

XS
SM
MD
LG