Accessibility links

Rusiyanın Ukraynaya genişmiqyaslı raket zərbələri nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb


Rusiyanın yanvarın 8-də Ukrayna bölgələrinə genişmiqyaslı raket zərbələri endirməsi azı 4 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına, mülki infrastruktur və iqtisadi obyektlərə ziyan dəyməsinə səbəb olub. Ukrayna rəsmiləri və hərbçiləri ölkənin paytaxtı Kyiv də daxil olmaqla, əksər ərazilərdə hava hücumu xəbərdarlığı elan edildiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, Rusiya strateji bombardmançı təyyarələri ilə yanaşı, hipersəsli "Kinjal" və 24 ədəd "Kh" qanadlı raket olmaqla, 51 raket atıb.

Xarkiv, Dnepropetrovsk, Kriviy Rih, Xmelnitskiy və Zaporijye vilayətlərində çoxsaylı partlayışlar baş verib.

Regionun dövlət administrasiyası Telegram kanalında infrastruktur obyektlərinə də ziyan vurulan azı 6 partlayış zamanı Xmelnitski vilayətində 2 nəfərin öldüyünü bildirib.

Vilayət qubernatoru Serhiy Lısak Kriviy Rihdə azı bir qadının Rusiya raketləri ilə öldürüldüyünü, Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul şəhərin kütləvi hava hücumuna məruz qaldığını bildirib.

Yerli Telegram kanalları raketin Kriviy Rihdəki "Sunny Gallery" ticarət mərkəzinin binasına düşdüyünü və mərkəzə ciddi ziyan vurduğunu yazıb.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubovun bildirdiyinə görə, Rusiya raketləri bölgənin Zmiyiv şəhərində 63 yaşlı qadını öldürüb.

Sinehubov Ukraynanın ikinci böyük şəhəri olan Xarkivə ən azı 4 raket atıldığını və həmin raketlərin sənaye və təhsil müəssisəsini zədələdiyini bildirib. Sinehubovun dediyinə görə, 2 nəfər yaralanıb, 2 nəfər isə hələ də dağıntılar altındadır.

Qubernator Yuri Malaşko Zaporijye vilayətində 5 partlayışın baş verdiyini və hücumlar nəticəsində azı 2 nəfərin yaralandığını, yaşayış məntəqələrinə ziyan vurduğunu bildirib.

Vilayət qubernatoru Serhiy Lısak Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərində sərnişinlərlə dolu ictimai nəqliyyat mikroavtobusu partlayış dalğası nəticəsində aşdığını, 3 inzibati bina, 2 yanacaqdoldurma məntəqəsi və beşmərtəbəli yaşayış binasına ziyan dəydiyini bəyan edib.

Odesa vilayətinin qubernatoru Oleh Kiper bildirib ki, bölgənin səmasında 7 pilotsuz uçuş aparatı vurulub.

Forum

XS
SM
MD
LG